"AZƏRBAYCAN ERMƏNİSTANLA DİVAR VƏ MANEƏLƏR YOX, YOLLAR QURUR"
Bölmə: Siyasət › ,Tarix: 22:25 16.08.2023
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama səfər ediblər. Səfərdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi iştirak edib. Səfər çərçivəsində onlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə tanış olublar.
Ağdamda səfərdə olan Azərbaycanda akkreditə edilmiş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin ilk dayanacağı Ağdam-Xankəndi yolu olub. Qonaqlar yolun istifadəyə açıq olması barədə məlumatlandırılıblar. Bildirilib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Torpaqların işğaldan azad edilməsindən sonra dəmir və avtomobil yollarının çəkilməsinə başlanıldı. Bu bir daha Azərbaycanın Ermənistanla divar və maneələr yox, yollar qurduğunu göstərir. Yol həmçinin yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrastruktur sisteminə çıxışını təmin edir. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya səfərin davamını, bu ərazilərdə inkişafı və yenidənqurma layihələrini görməyi səbirsizliklə gözlədiyini bildirib. “İndiyə qədər gördüyüm və məni təsirləndirən layihələrdən biri də yolboyu əkilən ağaclardır. Səfərin yekunlaşmasını və bütün bu inkişafı görməyi səbirsizliklə gözləyirəm və nəticədə mən gördüklərim barədə daha çox şərh verə biləcəm”.
Səfər çərçivəsində diplomatik korpus üzvləri və hərbi nümayəndələri Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi ilə tanış olublar. Qonaqlara hər iki yolun layihəsi və tikintisi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Bərdə-Ağdam dəmir yolu xəttinə gəlincə, dəmir yolunun inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Təəssüf ki, ermənilərin hazırda şər-böhtan, əsassız ittihamlarla dolu çirkin kampaniya apardıqları bir zamanda həqiqətləri yerindəcə görmək istəməyən və bu təşəbbüsə qatılmayan diplomatlar və hərbi nümayəndələr də olub. Azərbaycanın Ağdama səfərlə bağlı dəvətinə Fransa, İspaniya, Venesuela kimi ölkələr, ümumiyyətlə, reaksiya verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri zəng edib müxtəlif səbəblərlə əlaqədar, yaxud bəziləri heç bir səbəb demədən səfərə qatılmayacaqlarını bildiriblər. Bu, əslində onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir.