AZƏRBAYCAN ÜÇÜN YENİ MƏRHƏLƏ BAŞLAYIR
Bölmə: Siyasət › ,Tarix: 16:45 17.08.2023
“Humanitar böhran” və “blokada şəraitində yaşadıqlarını” iddia edən Ermənistan bölgədəki hərbi hazırlığı ilə bağlı məsələni rəsmi Parisin əli ilə ört-basdır etməyə çalışır. Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, son dövrlər İran, Fransa, hətta Avropa İttifaqı missiyasının bu məsələdə “həssaslıq” nümayiş etdirməsi rəsmi İrəvan tərəfdarlarının sülhdə maraqlı olmadıqlarını sübut edir. “Fransa çox yaxşı bilir ki, Azərbaycan alternativ olaraq Xankəndi-Ağdam yolunu təklif kimi irəli sürüb. Orada ermənilərə ərzağın çatdırılması üçün. Amma Fransanın buradaki qərəzli mövqeyini görürük. Fransanın əsas məqsədi Cənubi Qafqazda öz mövqeyini – geosiyasi mövqeyini gücləndirməkdən ibarətdir. Bununla da Azərbaycana təzyiq etmək siyasətini həyata keçirir”.
Siyasi analitiklər bildirirlər ki, rəsmi İrəvanın təxribatçı addımları beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı təzyiqin formalaşdırılmasına hesablansa da, Ermənistan və Fransanın bu addımları nəticəsiz qaldı. BMT TŞ-dəki müzakirələr bir daha sübut etdi ki, diplomatik cəbhədə soyuq və amansız döyüşlər gedir. Müzakirələrdə çıxış edənlər Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədilər. İrəvanın "humanitar fəlakət" hay-küyündə Laçın yoluna siyasi şəkil vermək və Xankəndi üçün yeni beynəlxalq masa qurmaq cəhdi boşa çıxdı. Azərbaycan üçün artıq yeni mərhələ başlayır.
ZEYNƏB