ƏZİZ ƏLİBƏYLİ: “AZƏRBAYCAN CƏMİYYƏTİ İNFORMASİYA SAVAŞINDA ERMƏNİSTANA UDUZUR”
Bölmə: Siyasət › ,Tarix: 19:50 17.08.2023
Qərb mediasının Qarabağ məsələsində qərəzli mövqe sərgiləməsi, eyni zamanda da xarici mediada Azərbaycan mediasına az istinad edilməsi sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Ermənilər "humanitar böhran" yalanlarını dünyanın ən nüfuzlu nəşrlərinə çıxarmalarından doğan narahatlığın səbəbi isə müxtəlif seqmentlərdə yalnız azərbaycan dilində paylaşımlar edilir. Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu müzakirələri haqlı sayır. Deyir ki, beynəlxalq mediada ölkələrin mövqelərinin gündəmə gətirilməsi, müdafiə edilməsi olduqca ciddi prosesdir. “Bu nöqteyi-nəzərdən, Azərbaycan Ermənistana uduzur. İnformasiya savaşında bu çox ciddi problemdir. 3 il öncəyə nəzər yetirsək, biz II Qarabağ Müharibəsi ərəfəsində, informasiya savaşının əsas prinsiplərini, Cənab Prezidentin simasında görsək belə, sonrakı dönəmdə, müəyyən dərəcədə təşkilatlanmış “erməni lobbisi” gücünü artırmağa nail oldu. Mən, ilk növbədə, Beyin Mərkəzi təmsilçisi olaraq, onu deyim ki, BMM mərkəzlərinin hesabatları, Beynəlxalq Media aləmi üçün daim cəlbedici olur. Bu səbəbdən, sözügedən mərkəzlərin, Beynəlxalq Media ilə əməkdaşlığı effektli şəkildə qurulmalı, BMM mənbə rolunda çıxış etməyi bacarmalıdır”.
Əziz Əlibəyli lobbinin dəstəyi məsələsini də qabardır. Deyir ki, lobbi dəstəyi, müəyyən şəxslərin, qrupların, şirkətlərin xidmətindən yararlanmaq vasitəsilə həyata keçirilir. Qarşılıqlı kontrakt nəticəsində, onlar istənilən ölkənin mövqeyinin dünya təcrübəsində işıqlandırılmasına dəstək verir. “Bundan əlavə, Azərbaycan lobbisiz, yəni bilavasitə, dövlətin rəsmi şəxslərinin simasında, kommersial müqavilələrin bağlanması, məsələyə dair məqalələrin çap edilməsi hesabına da mövqeyin gücləndirməyə nail ola bilər. Beynəlxalq Medianın prinsipləri, məktəbləri, ölkələr üzrə ixtisaslaşma prinsipini yetəri qədər zəruri edir. Dövlətin maraqları prinsipini rəhbər tutan fərdlərin, Beynəlxalq Mediada iştirakı olduqca vacibdir”. Bu mənada Ermənistan uğurla çıxış etdiyini təəsüflə qeyd edən müsahibimiz Azərbaycanda bu məsələnin problem olaraq qaldığını deyir. “Beynəlxalq Mediada, səhm payı məsələsi çox önəmlidir. Bilavasitə, Beynəlxalq Media şirkətləri, Beynəlxalq kampaniyalar rolunda çıxış edir. Onların səhmləri, reytinqlərindən asılı olaraq, istehsal vasitəsi kimi daim gündəmdədir. Bu mənada, həmin şirkətlər, mediaya nisbətən, daha çox maliyyə və biznes maraqların özlərində əks etdirdiyi üçün, səhmləri hesabına, kifayət qədər cazibədar görünüşə malik olur”.
Əziz Əlibəyli qarşılıqlı dəstəyi vacib məqam addlandırır. Əlavə edir ki, bu mənada, dost ölkələrin - Britaniya, İsrail, Türkiyənin xaricdəki fəaliyyəti uğurlu nümunə kimi ərsəyə gətirilərsə, ortaya uyğun iş birliyi də çıxar.
HƏCƏR ƏMİRASLANLI