“Zəngəzur dəhlizinə Laçın dəhlizinə nəzərdə tutulan status verilməlidir”

Bölmə: Siyasət › ,
Tarix: 23:53 17.08.2023

  Mediada Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı “Lavrov planı” adlanan sənədin heç bir əsası yoxdur. Problem həddinə qədər gətirilmiş bu vəziyyətin həlli üçün istər Rusiya, istər Amerika, istərsə də Avropa İttifaqı və s. müxtəlif yollar təklif edir. Azərbaycan da bu məsələnin həll olunmasının tərəfdarıdır və gələn təkliflər dəyərləndirilir. Mən məxsusi olaraq belə bir təklifin Azərbaycana rəsmən edildiyi ilə bağlı hər hansı rəsmi məlumata rast gəlməmişəm. Əgər belə bir şey varsa, qəbul edilməsi mümkün təkliflər də var, həmçinin qəbul edilməsi mümkün olmayan məqamlar da. Məsələn, erməni dilinin dövlət və özəl, ibtidai orta və ali məktəblərdə tədrisi ilə bağlı məsələlərdə "erməni dili niyə Azərbaycanda rəsmi dövlət dili olmalıdır?" kimi məqamlar var. Başqa bir neçə qıcıqlandırıcı məqamlar da mövcuddur. Problemli, reallaşarsa, Azərbaycan tərəfi buna əməl edərsə, gələcəkdə erməni tərəfin Qarabağdakı erməni icmasının bu məsələni problem kimi qabartması üçün şərait yaradıla bilər. Bu mənada, bəzi təkliflər qəbul edilən deyil. Düşünürəm ki, hansı təkliflər irəli sürüləcəksə, rəsmi açıqlanarsa, bizlər də ona dəqiq münasibət bildirə biləcəyik. Ümumiyyətlə isə, düşünürəm ki, Qarabağdakı ermənilərə, Laçın dəhlizinə, yaxud Laçın yoluna hansı münasibətlər sərgilənəcəksə, Ermənistan da Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycana qayıtmasına, yerləşməsinə eyni status və hüquqlar tanımalıdır, şərait yaradılmalıdır. Zəngəzur dəhlizinə Laçın dəhlizinə nəzərdə tutulan status verilməlidir. Yəni bu məsələlərdə ermənilər üçün nəzərdə tutulmuş hüquqlar azərbaycanlılar üçün də tətbiq olunmalıdır. Qarabağdakı ermənilərə isə azadlıq, yəni dil, din və bələdiyyə kimi məsələlərlə bağlı məqamlar tanına bilər. Bundan sonrası isə, hesab edirəm ki, separatçılıq əhvali-ruhiyyəsini gələcəkdə daha da qızışdıra bilər.

 Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi