ABŞ-DƏN TÜRKİYƏYƏ SANKSİYA XƏBƏRDARLIĞI
Bölmə: Siyasət › ,Tarix: 18:05 18.08.2023
ABŞ-nin Türkiyəyə Rusiyaya Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyi üçün sanksiya riski barədə xəbərdarlığı real görünür. ABŞ hər zaman öz maraqları istiqamətində fəaliyyət göstərir. Bu maraqları müttəfiqlərinin maraqları ilə toqquşanda da geri çəkilmir. Moskvanı blokadaya almaq cəhdlərindən ABŞ-ın öz maraqları var, Rusiyanı çökdürmək onun əsas hədəfidir.
Türkiyə isə təbii ki, Rusiya ilə əməkdaşlıqda, ticarət məsələlərində əsasən iqtisadi fayda götürür, eyni zamanda burada iki dövlətin siyasi maraqları da ola bilər. Lakin Türkiyənin ABŞ elektronikasını Rusiyaya gizli yollarla çatdırmaq fəaliyyəti Vaşinqtonu qıcıqlandıran məqamdır. Belə davam edəcəyi təqdirdə mümkündür ki, ABŞ Türkiyənin müxtəlif şirkətlərinə, hətta bəzi dövlət qurumlarına, şəxslərinə qarşı sanksiya tətbiq etsin.
Çünki əgər Türkiyə istehsal etdiyi malları Rusiyaya satıb belə bir ticarət etsəydi, ABŞ-ın bu məsələyə qarışmağa, bloklamağa gücü yetməzdi. Amma ABŞ mallarını gizli şəkildə Rusiyaya ötürmək təbii ki, Vaşinqton üçün arzuolunmaz ssenaridir.
Bu səbəbdən Türkiyənin bu məsələdə çox təkidli şəkildə Rusiya ilə işbirliyini davam etdirməsini istəməzdim. Bu məsələyə görə ABŞ-la problem yaşamaq Türkiyəyə o qədər də vacib deyil. ABŞ bu məsələdə çox həssasdır və Rusiyaya bu mövzuda dəstək verərək müttəfiqlə münasibətləri pozmaq rəsmi Ankaraya fayda verə bilməz.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi