ERMƏNİSTAN ÖZÜNÜ UÇURUMA APARIR

Bölmə: Siyasət › ,
Tarix: 18:50 18.08.2023

   Ermənistan silsilə təxribatlar törətməyə davam edir. Azərbaycanın normallaşma cəhdlərinə baxmayaraq, qarşı tərəf mütamadi olaraq sərhədboyu ərazilərdə sabitliyi pozur.

  Hərbi ekspertlərin fikrincə, son günlərdə Ermənistanın bütün təxribatları məqsədlidir. Şair Ramaldanov deyir ki, bir neçə gün öncə düşmənə məxsus kvadrokopterin Naxçıvan MR-nın Sədərək rayonu üzərində kəşfiyyat uçuşu həyata keçirməsi, erməni diversantın Azərbaycan ərazilərinə sızmaq cəhdi Ermənistanın bölgədə gərginliyi artırmaqda əsas tərəf olduğunu bir daha sübut edir. “Bunlar hamısı Azərbaycana təzyiq göstərmək üçündür. Məqsəd sülh müqaviləsinin vaxtını uzatmaq, sülh müqaviləsindən qaçmaqdır. Bunun da yolu birdir, atəşkəsin pozulması, təxribat törədilməsi. Silahlı münaqişənin yenidən müəyyən şəkildə alovlandırılmasıdır ki, belə olan halda, əlbəttə, nə sülhdən, nə də sülh müqaviləsinin bağlanmasından söz gedə bilər”.

   Politoloq Məhəmməd Əsədullazadə deyir ki, 10 noyabr bəyanatının şərtlərinə əməl etməkdən boyun qaçıran Ermənistan bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır. Rəsmi İrəvan destruktiv əməlləri ilə hərbi eskalasiya xəttini tutur. Bu isə sülhə məcbur etmə əməliyyatlarının başlamasına təkan verir. “Ermənistan təxribatlara gedəcəksə, yenidən böyük ərazilər itkisinə məruz qalacaq. Məcbur olub yenidən kaputulyasiya sənədinə imza atıb, məcbur sülh müqaviləsinə gedəcək. Azərbaycanın da hüququ var ki, işğalçı tərəfi sülhə məcbur etmək əməliyyatına başlasın. Ermənistan təxribatlarına davam edəcəksə, Azərbaycan BMT-nin məlum qətnaməsi, bəndlərinə uyğun olaraq Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər”.

  Analitiklər Ermənistanın bu kimi təxribatlarla özünü uçuruma apardığının qənaətindədirlər.

 

ÇİMNAZ