SEPARATÇILARI NƏ GÖZLƏYİR?
Bölmə: Siyasət › ,Tarix: 22:36 18.08.2023
Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar daha da artıb. Bu, həm siyasi, həm də hərbi sahədə özünü büruzə verir. Ermənistanın Baş Naziri Paşinyan hələ də ikiüzlü, riyakar siyasət yürütməkdə davam edir. Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu desə də, əməldə tam əks mövqe nümayiş etdirir. Ermənistan tərəfindən Qarabağa Laçın yolu vasitəsilə orada yaşayan ermənilərin, guya, blokadada qalması səbəbindən humanitar yardım adı altında avtomobil karvanının göndərilməsi dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi fikirlərin formalaşdırılmasına xidmət edir.
Azərbaycan dəfələrlə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Lakin ermənilər qəsdən bu yoldan imtina edirlər. Laçın yolunda Azərbaycan dövlətinin qurduğu nəzarət- buraxılış məntəqəsi açıqdır və bu günə qədər iki mindən çox mülki erməni bu yoldan istifadə edərək İrəvana gedərək geri qayıdıb.
Son günlər Ermənistan ordusunun Azərbaycan - Ermənistan şərti sərhəddində, eləcə də Qarabağda yerləşən qeyri-qanuni hərbi birləşmələrinin mövqelərimizi atəşə tutması intensivləşib. Ermənistan rəhbərliyi Qarabağdakı separatçıları silah-sursatla təmin edir. Onların Qarabağa hərbi texnikalarını yerləşdirməsi və səngərlər qazması Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə həyata keçirilir. Çox təəssüf ki, Rusiya Sülhməramlı qüvvələri separatçıların bu qanunsuz hərəkətlərinə göz yumurlar.
Ermənistan rəhbərliyi avqustun 11-də Qarabağda yaşayan ermənilərin guya blokadada qalması və orada "humanitar fəlakət" yaranması barədə BMT Təhlükəsizlik Şurasına məktub ünvanlamışdılar. Bu bəzi Qərb dövlətlərinin, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək cəhdidir. Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin əlində oyuncaq vasitəsinə çevrilib. Avqustun 16-da baş tutan BMT Təhlükəsizlik Şurasının iclasında da Ermənistan ağır məğlubiyyətə düçar oldu. Prezident İlham Əliyev dünyanın ali orqanı olan BMT-də də Ermənistanla yanaşı ona havadarlıq edən ölkələr, xüsusən Fransa üzərində tarixi gələbə əldə etdi. İclasda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla öz həllini tapmalı, eləcə də Qarabağa humanitar yüklərin Ağdam - Xankəndi yolu ilə daşınmasının mümkünlüyü vurğulandı. TŞ-dəki müzakirələr "Dağlıq Qarabağ"dakı Ermənistan silahlı qüvvələrinin və oradakı qeyri-qanuni hərbi birləşmələrinin tərkisilah edilməsinin vacibliyini göstərdi. Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Ermənistanın Təhlükəsizlik Şurasının acı məğlubiyyəti onu göstərdi ki, Ermənistan hökuməti ilə xaricdəki erməni lobbisi arasında ciddi narazılıq var və bu hər gün dərinləşməkdədir. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi və ərazi bütövlüyümüzün təmin edilməsinin Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Beynəlxalq Ədalət Məhkəməsindən sonra Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların əfv olunub olunmayacağı barədə qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verəcək. Qarabağda yaşayan sadə erməniəsilli Azərbaycan vətəndaşları Azərbaycan qanunları ilə firavan və rahat həyat sürəcəklər.
BMT Təhlükəsizlik Şurasındakı Azərbaycan dövlətinin qələbəsi ölkəmizin güdrətli bir dövlət olduğunu, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olmasını sübut etdi.
Kamilə Əliyeva
Milli Məclisin deputatı