Düşünürəm ki, uzun illər sonra bu düşmənçiliyə son qoyulacaq-Deputatdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 23:07 03.10.2023

Hərbi əməliyyatlar nəticəsində ermənilərin nəzarətində olan ərazilər Azərbaycanın nəzarətinə keçdikdən sonra minlərlə erməni sakini oranı tərk etsə də, bəzi sakinlər Azərbaycan Respublikasının vətəndaşlığını almağı qəbul edirlər.
Erməni əsilli sakinlərin hüquqlarının digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcəyi barədə hakimiyyətimiz rəsmi bəyanat irəli sürür. Bu məsələ cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub.
Ermənilər Azədbaycan vətəndaşlığını qəbul edəcək?
Qarabağdakı erməni sakinlər Azərbaycan Respublikasının vətəndaşlığını aldıqdan sonra sadəcə Qarabağ bölgəsində qalacaqlar?
Azərbaycan Respublikasının digər bölgələrinə gediş-gəliş icazələri olacaq? Bu icazə neçə müddətə verilə bilər?
Millət vəkili Naqif Həmzəyev bu məsələ ilə bağlı informator.az-a açıqlama verib. Deputat qeyd edir ki, erməni əsilli sakinlər Azərbaycan vətəndaşlığını aldıqdan və vətəndaşlıqları tam təsdiqləndikdən sonra onların Azərbaycan ərazisində hərəkət etmək səlahiyyətləri var".
"Ancaq düşünürəm ki,yaxın dövrdə belə səfərlərin şahidi olmayacağıq. Erməni əsilli sakinlər Azərbaycanın digər ərazilərinə səfərlər etdikləri zaman bunu,səfəri nə üçün etdiklərini əsaslandırmalı olacaqlar. Hesab edirəm ki,Xankəndi və digər ətraf ərazilərdə elə şərait yaradılacaq ki,bir problem və ya onların Azərbaycanın digər ərazilərinə tez-tez səfəri üçün zərurət halı yaranmayacaq". Deputatın fikrinə görə,bu məsələlərin müsbət həllinin tapılması üçün bir müddət keçməlidir.

"İstənilən halda,biz birgə yaşayışa maraqlıyıq, Azərbaycan dövləti birgə yaşayışın şərtləndirdiyi bütün məsələləri həll edir. Biz erməni cəbhəsindən də eyni münasibəti və onların da bu prosesə töhfə vermələrini görmək istəyirik. Düşünürəm ki, uzun illər sonra bu düşmənçiliyə son qoyulacaq. Ümid edirik ki, Ermənistandakı revanşist qüvvələr də xəyallarından,fikilərindən əl çəkəcək və biz Qafqazda sülh,firavan,əminamanlıq içində yaşayacağıq.
Bu gün ən önəmli məsələ budur ki, Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün kimlər müraciət edəcəksə, onların müraciətlərinə baxılacaq,qaldırdıqları digər məsələlər öz həllini tapacaq. Bu proseslər yekunlaşdıqdan sonra onların yaşayışı yüksək səviyyədə təşkil edildikdən sonra digər məsələlər müzakirə oluna bilər. Başqa məsələlər də həmin vətəndaşların istəklərinə uyğun həll ediləcək,onların təhlükəsizliyinin zəmanəti,qarantiyası Azərbaycan dövləti olduğu üçün biz bütün məsələlərdə optimal variantlar tapaq və onlar rahat,sakit, şəkildə bu ərazilərdə öz həyatlarına davam edə bilsinlər".

Nəzrin Mirzəyeva