"Cinayətkarlar nəticə çıxarmasa, gələcəkdə daha böyük zərbə alacaqlar"
Bölmə: Siyasət › ,Tarix: 23:01 04.10.2023
Ötən gün Azərbaycan Respublikası tərəfindən Qukasyan, Saakyan və İşxanyan kimi erməni cinayətkarlar həbs edilərək Bakıya gətirilib. Onların məhkəmə qarşısına çıxarılaraq mühakimə edilmələri gözlənilir. Proseslərin bundan sonra necə davam edəcəyi ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov İnformator.az saytına açıqlama verib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Qarabağda Azərbaycana qarşı cinayətlər törətmiş çoxlu sayda cinayətkar üzvlərin həbs edilərək Bakıya gətirilməsi ilə bağlı tədbirlər davam edir:
"Təbii ki, Azərbaycan tərəfi bununla bağlı həmişə öz mövqeyini bildirib. Xüsusilə, prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə həmişə cinayətkar üzvlərin ünvanına səsləndirdiyi fikirlər ciddi şəkildə nəticə çıxarılmalı olan fikirlərdir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbəmizdən sonra prezident İlham Əliyev bir neçə ay əvvəl cinayətkar üzvlərə silahı yerə qoymağı və təslim olmağa çağırmışdı. Təəssüflər olsun ki, onlar dövlət başçısı İlham Əliyevin çağırışını ciddiyə almadılar və buna atəşlə cavab verdilər. Həmin şəxslər Azərbaycana qarşı çoxsaylı terrorçuluq fəaliyyətləri, Azərbaycanın konstitusiyasına və dövlət quruluşuna qarşı, soyqırım cinayəti, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törədiblər. Bütün sadaladığımız cinayətlər ilə bağlı kifayət qədər mötəbər sübutlar və dəlillər var. Düşünürəm ki, bu prosesin davamı artıq Azərbaycanın həmin ərazilərə olan nəzarətini tam bərpa etməsindən sonra oradakı bütün cinayət üzvlərinin həbs edilərək ədalət mühakiməsi qarşısına çıxarılması şəklində olacaq".
Ekspert qeyd edib ki, dünya ölkələrinin tarixinə nəzər yetirsək, bu kimi hallar dəfələrlə təkrarlanıb. Hərbi tribunallar təşkil edilib və ayrı-ayrı xalqlara qarşı sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş, təcavüz və soyqırım həyata keçirmiş şəxslər məsuliyyətə cəlb ediliblər:
"Beynəlxalq hüquqa əsasən, Azərbaycanın buna kifayət qədər hüququ var. Şəxslərin həbs edilməsi prosesi davam edəcək. Təbii ki, bundan sonra qeyd edilən şəxslərə qarşı məhkəmələr təşkil ediləcək. İlk olaraq, araşdırma prosesi başlayacaq və sonra onlar mühakimə ediləcəklər. Azərbaycan qanunvericiliyinin kifayət qədər imkanları var ki, onlar barəsində layiq olduqları cəzaların tətbiqi ilə bağlı addımlar atılsın. Bu addımla Azərbaycan təkcə dövlətə qarşı deyil, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin təqsirkarlarını məsuliyyətə cəlb edilməsi ilə bağlı addım atdı. Eyni zamanda bu addımla paralel şəkildə Azərbaycan dövləti və prezident İlham Əliyev Qafqazda nifaqa qarşı düşmənçiliyə səbəb olan bu şəxsləri zərərsizləşdirməklə iki dövlət arasında düşmənçiliyə son qoymağa çalışır. Təbii ki, bizim bu addımlarımızdan hələ də Ermənistan yaxud digər dövlətlərdə gizlənməkdə olan cinayətkarlar nəticə çıxarmayacaqsa, bu proses davam etdirələcək və gələcəkdə daha da böyük zərbələr alacaqlar".
Fatimə Mustafayeva