Roma Statunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərində nələri dəyişəcək?
Bölmə: Siyasət › ,Tarix: 22:45 05.10.2023
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Qərar 60 lehinə, 22 əleyhinə səslə qəbul edilib. Artıq bir müddətdir geniş müzakirələrə səbəb olan qanunun ratifikasiyası ilə Rusiya prezidenti Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.
Son zamanlar iki ölkə arasında münasibətlərin pisləşdiyini nəzərə alsaq, adıçəkilən addımdan sonra hadisələrin hansı xətt üzrə irəliləyəcəyi sual doğurur. Çünki artıq İrəvanda Rusiyadan gələ biləcək reaksiyalardan narahatlıq artıb. Ermənistanın Moskvadan siyasi, hərbi və iqtisadi asılılığını diqqətə alsaq İrəvanın narahatlığı əsassız sayılmamalıdır. Xüsusilə son 2 il ərzində tərəflər arasında ticari əlaqələrin yüksəlməsi Moskvanın çətiri altından çıxmağa çalışan Ermənistan üçün mənfi ssenarilərdən xəbər verir.
Ermənistan parlamentinin Roma statunu ratifikasiya etməsi həm İrəvanda, həm də Moskvada müzakirələri şiddətləndirib. Bir müddətdir tərəflər arasında münasibətlərin pisləşməsini nəzərə alsaq, İrəvanın bu addımından sonra bütün iplərin qopacağı ehtimalları artır. Çünki əvvəllər də Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Roma Statutunu ratifikasiyasının ikitərəfli münasibətlər üçün mənfi nəticələrə səbəb olacağını bəyan etmişdi. Amma Ermənistanın KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq Beynəlxalq Cinayət Məhkəməsinin qərargahı olan Hollandiyaya səfir göndərməsi İrəvanın indiki gedişinin planlı olduğunu göstərir. Rusiyanı qəzəbləndirəcək nüansların siyahısında bu məqam xüsusi vurğulanır. İndi həm Moskvada, həm də İrəvanda əlaqələrin hərəkət trayektoriyası müəyyənləşdirilir.
İrəvan parlamentinin atdığı son addımdan sonra ermənilər, xüsusilə Moskvadan gələ biləcək embarqolardan narahatdır. Çünki Ermənistanda Rusiyanın bu addıma səsiz qalacağı düşünülmür.
Sosial şəbəkələrin erməni seqmentindəki fikirlər və erməni mediasının tirajladığı məqalələr deməyə əsas verir ki, Ermənistan cəmiyyəti Rusiyanın İrəvana sanksiyalar tətbiq etməsindən və qazın qiymətini artırmasından narahatdır. Digər tərəfdən iki həftədir ki, Rusiyaya ixrac edilən malların Lars keçid məntəqəsində dayandırılaraq yoxlamalar aparması bu narahatlıqları daha da alovlandırıb. Moskva Ermənistandan göndərilən çoxlu sayda saxta konyaklar tapıldığı üçün bu prosedurun reallaşdırıldığını bildirsə də, ermənilər Kremlin adıçəkilən addımı qəsdən atdığını düşünür. Maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsinin başlamasıyla Moskvanın Qərbdən təcridi Ermənistanla iqtisadi əlaqələri daha da yaxınlaşdırıb. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb və Ermənistandan Rusiyaya ixrac da rekord hədda çatıb. Bu faktlardan yola çıxaraq Rusiyanın İrəvana tətbiq edəcəyi sanksiyaların Ermənistan iqtisadiyyatı üçün ciddi təhdid olacağı proqnozlaşdırılır.
İqtisadçı Xalid Kərimli bildirir ki, Ermənistanın son iki ildir inkişafı birbaşa Rusiyanın rolu hesabına olub: “Rusiya ilə Ermənistan münasibətlərinin kəskinləşməsi Ermənistan iqtisadiyyatının tamamilə iflas olmasına gətirib çıxara bilər. Məhz elə bu səbəbə görə baxmayaraq ki Ermənistanda bir sıra siyasi rəhbərliik Rusiyadan uzaqlaşıb qərbyönümlü siyasət həyata keçirəcəyini elan edirlər. Lakin elə məhz bu səbəblərə görə bu o qədər də inandırıcı görünmür. Ermənistan iqtisadiyyatının arxasından rus əli çəkilsə Ermənistan iqtisadiyyatı sıradan çıxa bilər”.
Moskvadansa məsələyə fərqli reaksiyalar gəlir. Rusiyanın Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvan parlamentinin addımının Rusiya və Ermənistan xalqları arasında çoxəsrlik dostluğu pozmayacağını bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələyə reaksiyasında İrəvan hökümətini-xüsusilə Paşinyanı hədəf alıb. Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını “düşməncəsinə hərəkət” kimi qiymətləndirib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab edir və Ermənistanın Roma Statuna qoşulmasından sonra Rusiya diplomatik həll yolu tapmağa çalışacaq: “Moskvanın bu ölkənin rəhbərliyi ilə bağlı sualları var. Kreml İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır və Ermənistanın bu mexanizmlərdən yaxşı heç nəyi yoxdur. Rusiyanın Qarabağ ermənilərinə humanitar yardım göstərməkdə davam edir. Bugünkü Qarabağ ətrafında vəziyyət Paşinyanın özünün verdiyi qərar idi”.
Görünür, indi Ermənistanı qarşıda çətin günlər gözləyir. Qərb və Rusiya məngənəsində sıxışan İrəvanın atdığı addımların ölkə üçün hansı ssenari ilə nəticələnəcəyini isə zaman göstərəcək.