Ermənistanın qarayaxması yenidən uğursuz oldu

Bölmə: Siyasət › ,
Tarix: 14:39 06.10.2023

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampanyası  növbəti dəfə səmərəsiz qaldı. Ermənilərin etnik təmizləmə iddialarına Birləşmiş ştatların Dövlət Departamentinin rəsmisi ölkəmizin leyhinə olan bəyanatla cavab verdi. Metyu Miller etnik təmizləmə və ya soyqırımı kimi iddiların faktlara əsaslanmalı olduğunu vurğuladı. 



“Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa, ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlb olunmasından çəkinməyəcəyik". Bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib. O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil. Siyasi şərhçilər bunu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirirlər .


Politoloq Anar Həsənov deyir ki, əgər biz BMT-nin məlum strukturlarıyla əməkdaşlıq etməsəydik, əksi ola bilərdi:

 

“Dünyada bunun örnəkləri əvvəllər də olub. Məsələn, İsrail və Fələstin arasında olan hərbi əməliyyatlardan sonra baş verib. İsrail regiona BMT-nin komissiyasını buraxmayıb. Nəticədə qərəzli bir açıqlama yayılmışdı. Ama Azərbaycan bu məsələdə BMT ilə açıq əməkdaşlıq apardı və leyhinə oldu. Dünyanın qlobal strukturları bir ölkə haqqında fikir formalaşdırır və sonra o dövlətə qarşı hərbi, iqtisadi sanksiyalar tətbiq edir. Düşünürəm ki, Azərbaycan bu maneəni də atlaya bildi. Bu, Azərbaycanın diplomatik uğurudur”.


Proseslər onu göstərir ki, rəsmi Bakı müşahidə missiyalarının bölgəyə gətirilməsi və onların hazırki şəraitlə maraqlanmasına qarşı deyil. Çünki Azərbaycan hökumətinin üstünü örtməyə çalışdığı hansısa bir məsələdən söhbət gedə bilməz, əksinə, sözügedən missiyaların real faktlarla qarşılaşmasında və bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında maraqlıdır. 



Politoloq Qarayeva ARB 24ə açıqlamasında bildirib ki, digər qurumların və ya dövlətlərin də belə bir təşəbbüsü Azərbaycan tərəfindən negativ dəyərləndirilməyəcəkdir: “Çünki əksinə, Ermənistanın ciddi şəkildə Azərbaycanla bağlı, Azərbaycanın yürütdüyü siyasətlərlə bağlı tamamilə təhrif olunmuş dırnaqarası arqumentlərini dünyaya yaymağa çalışdığı bir vaxtda belə bir monitorinq missiyalarının bölgədə yer alması və real şəraitlə tanış olması, nəticə etibarilə də obyektiv dəyərləndirməsi əslində bizim maraqlarımıza uyğundur”.



Qeyd edək ki, Dövlət Departamentinin rəsmisi çıxışında BMT missiyasını təqdir edib və xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb. Yeri gəlmişkən, BMT missiyası da Azərbaycanın Xankəndidə erməni əsilli mülki şəxslərə qarşı zorakılığına dair fakt aşkar etməyib. Bu barədə isə Qarabağa səfərin yekunlarına dair missiyanın bəyanatında deyilib.