Rusiya öz sülhməramlılarını Azərbaycandan çıxarmaq məcburiyyətində qalacaq.-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 11:16 07.10.2023
Qarabağın 3 rayonunda sülhməramlıların postları ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.
Bəs bütün bu proseslər sülhməramlıların Qarabağ ərazisini tam tərk edəcəyinə işarə edir? Ümumiyyətlə onların bu ərazidə qalmasına ehtiyac var?
Sözügedən məsələ ilə bağlı İnformator.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Qarabağda bütün ərazilərə nəzarət etdiyinə görə artıq sülhməramlılara ehtiyac yoxdur:
“Azərbaycanın antiterror əməliyyatından sonra demək olar ki, Qarabağda yaşayan əksər ermənilər köçüb getdi və Rusiya sülhməramlılarının fəaliyyəti artıq bundan sonra sual doğurur. Çünki onlar burada sülhü və təhlükəsizliyi təmin etməli, reinteqrasiya prosesinə dəstək verməli idilər. Amma ermənilərin getməsi əlbəttə ki, onların fəaliyyətini demək olar ki, sıfırladı. Azərbaycan artıq özü Xankəndi, Əsgəran, Xocalı, Ağdərəyə nəzarət edir. Azərbaycanı polisi, təhlükəsizlik orqanları ordadır və Rusiya sülhməramlılarının artıq fəaliyyətinə də ehtiyac yoxdur".
Politiloqun sözlərinə görə, sülhməramlıların ərazidən çıxması 2025-ci ilə qədər reallaşa bilər:
“Düşünürəm ki, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması üçün Moskva ilə danışıqlar aparır və artıq onlar da postlarını ləğv edirlər. 2025-ci ilə kimi onların bu ərazidən çıxması reallaşa bilər. Artıq yeni bir reallıq yarandı. Rusiyada bu reallıq ilə barışmalıdır. Rusiya artıq öz sülhməramlılarını Azərbaycandan çıxarmaq məcburiyyətində qalacaq. Düşünürəm ki, onların yenidən fəaliyyətləri üçün heç bir əsas yoxdur. Əgər ermənilər yoxdursa artıq Qarabağdakı vəziyyət antiterror əməliyyatından sonra elə bir müstəviyə daxil olubsa Rusiya sülhməramlılarının fəaliyyətinə də ehtiyac qalmır”.
Nəzrin Cəbiyeva