8 KƏNDİMİZ DƏ İŞĞALDAN AZAD EDİLƏCƏK
Bölmə: Siyasət › ,Tarix: 07:31 09.10.2023
8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib. Prezident həmin kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Bəs bu kəndlər hansı yolla qaytarılacaq? Bu barədə məlumatı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü verib.
Şərhçi ermənilərin Azərbaycanla müharibə etməyə nə gücünün, nə də şansının olduğunu deyir. "Hərbi qarşıdurma baş verərsə, ermənilərin üstünlük qazanmağa heç bir şansı yoxdur, onlar bu şansı çoxdan itirib. Azərbaycan bu bölgənin ən güclü dövlətidir. Buraya iqtisadi, siyasi ən əsası isə hərbi güc daxildir".
Müsahib bildirir ki, Ermənistan Azərbaycanın 8 kəndini geri qaytarmalıdır, buraya Qazax rayonunun 7 kəndi daxil olmaqla Naxçıvanın Kərki kəndi aiddir. "Paşinyan artıq Azərbaycanın bütövlüyünü şifahi şəkildə tanıyıb, yazılı şəkildə imza atıbdır. 86,6 min km²-ın içərisində həmin o 8 kənd özünə yer tapır. Nəticədə ermənilər dinc yolla bu kəndləri Azərbaycana qaytarmalıdır və qaytaracaqdır".
"Biz Qarabağda mümkünsüz deyilən hansı hadisələrin şahidi olmadıq ki?!" deyən Mübariz Göyüşlü qeyd etdi ki, bu kəndlərin də qaytarılmasının şahidi olacıyıq.
ÇİNARƏ MURADOVA