Hadrut döyüşlərinin 44 günlük müharibədə yeri

Bölmə: Siyasət › ,
Tarix: 19:26 09.10.2023

"3 il öncə ikinci Qarabağ müharibəsində Azərbaycanın atdığı ən uğurlu addımlardan biri Hadrut döyüşləri idi."

Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib. Xəyal Bəşirovun sözlərinə görə, 44 günlük müharibədə bir sıra əməliyyatlar oldu ki, o əməliyyatlar Azərbaycan ordusuna ruh yüksəkliyi qarşı tərəfin ordusuna isə ruh düşkünlüyü və eyni zamanda məğlubiyyət sendromu yaşatdı onlardan biri də məhz Hadrut döyüşlərində ordumuzun şanlı qələbəsi idi.

"Biz bilirdik ki, Hadrut həm coğrafi baxımdan, həm təbiətinə görə həmdə digər xüsusiyyətlərinə görə çox dəyərli və gözəl bir rayondur. Buna görə də ermənistan tərəfi, Hadrut uğrunda çox gərgin mübarizə apardı. Onların sözügedən ərazidə güclü müdafiə xəttləri olub. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu, Prezident İlham Əliyevin qeyd etdiyi kimi bir addım belə geriyə çəkilmədi, hər an irəli getdi. Ümumiyyətlə 44 günlük vətən müharibəsinin hər günü,hər saatı Azərbaycan xalqının, dövlətinin və ordusunun tarixinə qızıl hərflərlə yazılacaq günlər və saatlar olub. Düşünürəm ki, bu şanlı qələbələrin, uğurlu addımların kökündə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əsas sehrli məqam Azərbaycan ordusunun öz tarixi torpaqları uğrunda mübarizə aparması,vətənə, torpağa sevgisi eyni zamanda Azərbaycan xalqına yaşadılmış qanlı hadisələrlə bağlı qisasçılıq hissi idi. Onu da nəzərə almaq lazımdır ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu əməliyyatlar qurması və o əməliyyatlara bilavasitə rəhbərlik etməsi qələbəmizin əsas açar nöqtələrindən idi. Ümumiyyətlə cənab prezident İlham Əliyev öz çıxışlarında qeyd edib ki, bizim müasir standartlara cavab verən silahlarımız, texnikalarımız, Pilotsuz Uçuş Aparatlarımız (PUA) var idi və eyni zamanda 30 ilə yaxın bir müddətdə xüsusilə Prezident İlham Əliyevin hakimiyyətədə olduğu müddətdə Ali baş komandan ordu quruculuğuna çox ciddi önəm verib, orduya böyük yatırımlar edib. Amma əsas amil əliyalın Şuşa dağlarına dırmaşaraq, gözünü qırpmadan ölümə doğru yürüyən əsgər və zabitlərimizin şücaəti və qorxmazlığı idi. Bəzi məqamlarda Ermənistan və Ermənistana yaxın olan qüvvələr bizim qələbəmizi müxtəlif yerlərə yozmağa çalışırlar. Bəziləri qeyd edir ki, Türkiyə Azərbaycana bütün istiqamətlərdə o cümlədən hərbi baxımdan yardım etdi, Rusiya Ermənistandan üz döndərdi və Azərbaycanın yanında oldu və.s. kimi məsələlər. Əslində bu məqamlar siyasi və diplomatik baxımdan Prezident İlham Əliyevin taktiki addımları nəticəsində real idi. Yəni, Türkiyə bu döyüşdə birbaşa olaraq iştirak etmədi amma siyasi, diplomatik və mənəvi baxımdan Azərbaycanın yanında oldu və bunu açıq şəkildə nümayiş etdirdi. Rusiya tərəfi ilk dəfə Ermənistanın qarşısında qalxan rolunu oynamaqdan çıxdı və.s. Amma qeyd etdiyim kimi bu qələbədə əsas məqam Azərbaycan əsgərinin, zabitinin şücaəti, mübarizə əzmi idi".

Hadrut döyüşü ordumuzun qazandığı ən parlaq qələbələrdən biri idi ki, Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olundu.

Aydan İsayeva