Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaq?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:07 09.10.2023

Oktyabrın 8-də Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birlikdə brifinq keçiriblər.
Brifinqdə iki dövlət də bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu əlavə edib.

Siyasi analitik Elməddin Behbud sözügedən məsələ ilə bağlı informator.az-a öz fikirlərini bildirib.

"Cənab Prezident İlham Əliyevin Gürcüstana bir günlük səfərində qeyd etdiyi kimi həm tarixi,həm də coğrafi əlaqələri nəzərə alaraq Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının Gürcüstanda aparılması daha uyğun variantdır. Cənab Prezident burada əvvəlcə Gürcüstanın iştirakını,həm Azərbaycanla,həm də Ermənistanla yaxın qonşu münasibətlərə sahib olmasını və tarixi ənənələri nəzərə alaraq bunu qeyd edib. Bu məsələ Gürcüstan üçün də önəmlidir, iki Cənubi Qafqaz respublikası arasında uzun illərdir davam edən bu münaqişənin yekun həllində Gürcüstan da iştirak edərək geosiyasi mövqeyini gücləndirmək və özünəməxsus siyasi pay sahibi olmaq istəyir".

Politoloq 2023-cü ildə və ya gələn ilin birinci yarısında bu sülh sazişinin imzalanması reallaşacağını düşünmür.

"Bildiyimiz kimi, bu yaxınlarda Prezident İlham Əliyev və Şarl Mişel arasında telefon görüşü baş tutub. Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı bəzi məsələlər, hələ də Ermənistanın işğalı altında olan 8 Azərbaycan kəndi ilə bağlı məsələlər cənab Prezident tərəfindən qaldırılıb. Təəsüflər olsun ki, bu məsələlərin həlli ilə bağlı Ermənistan cəmiyyəti hələ də əvvəlki mövqelərini davam etdirir. Onlar Azərbaycana güzəşti xəyanət hesab edirlər. Ermənistanın keçmiş Xarici İşlər Naziri Vardan Oskanyan açıqlamasında bunu Ermənistanın məhvi kimi qeyd edib.

Müsahib qeyd edib ki, Ermənistan hakimiyyətinin Azərbaycana məxsus anklavların azad olunması ilə bağlı danışıqlar apararaq, sülh müqaviləsinə dair addımlar atacağı inandırıcı görünmür.

"Yaxın günlərdə Paşinyanın dördlü samittə imzaladığı,Azərbaycanın bəzi media orqanlarının müsbət açıqlama kimi təqdim etdiyi sənəddən də görünür ki, qərb dövlətləri,xüsusilə,Fransa Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayanıqlı şəkildə bərqərar olması ilə maraqlanmır. Gələcəkdə öz təsir imkanlarını qorumaq üçün seperatizm toxumlarını qorumağa çalışırlar. Məsələn, Qarabağdan köçən ermənilərin beynəlxalq monitorinqin müşayiəti ilə istənilən vaxt Azərbaycana qayıdıb yaşamaları ilə bağlı müddəalar,Zəngəzur dəhlizini inkar edən,Azərbaycanın əleyhinə olan tezislər var. Sərhədlərin delimitasiyası ilə bağlı yalnız keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin 1975-ci ildəki topoqrafik xəritəsi əsas götürülməli, keçmiş kolxoz,sovxozlar dövründə Ermənistana kənd təsərrüfatı məqsədilə verilən otlaq sahələrini Azərbaycanın istəyə bilməməsi kimi fikirlər var. Bu onu göstərir ki,Ermənistanı sülhə yox,yeni münaqişəyə təşviq etmə var. Bu baxımdan mən bu yaxınlarda sülh sazişinin imzalanacağını proqnozlaşdırmıram".

Nəzrin Mirzəyeva