"Yaxın dövrlər üçün Yaxın və Orta Şərqdə gərgin vəziyyət gözlənilir" -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 10:56 10.10.2023
Ötən gün İsrail və Fələstin arasında müharibə başladı. Həmas birləşmələri İsrailin 27 yaşayış məntəqələrinə daxil olublar. Hücumlar nəticəsində İsraildə ölənlərin sayı 700-ə çatıb. Bu andan etibarən müharibə necə davam edəcək? Mövzu ilə bağlı Politoloq Oqtay Qasımov İnformator.az saytına açıqlama verib.
Politoloq Oqtay Qasımov bildirib ki, iki gün öncə Qəzza zolağında fəaliyyət göstərən Həmas qruplaşması dünyanın əksər ölkələrində terrorçu təşkilat kimi qəbul edilir:
"İsrailə qarşı genişmiqyaslı hücumlar təşkil edərək sərhədləri dağıdılmış yaşayış məntəqələrinə daxil olub, hərbçilər və polislərlə bərabər və onlardan artıq mülki əhalini qətlə yetirmiş və hərbi cinayətlər törədərək müharibə başlatmışdır. Məhz bu hücum nəticəsində İsraildə ölənlərin sayı 700-ü keçmişdir. Bunların əksəriyyəti mülki əhali təşkil edir. Terror təşkilatının özünün yaydığı video materiallarda da törədilən cinayətlər, xüsusilə, qadınlara, uşaqlara qarşı edilən hərəkətlər açıq şəkildə görünür. İsrail və Fələstin məsələləri və bu problemin həlli ciddi məsələdir. İsrail və Fələstin bu məsələlər ilə bağlı uzun müddətdən bəri davam edən dövrlərdə dinc və gərgin şəraitdə də danışıqları davam etdiriblər. İki gün əvvəl baş verənlər isə bir terror hadisəsidir. Böyük ölçüdə dinc əhaliyə qarşı yönəlmiş hərəkətlərdir və bölgədə gərgin bir atmosfer yaradılıb. İsrail və Fələstin müharibəsindən çox İsrail və Həmas müharibəsi kimi dəyərləndirmək daha doğrudur. Həmas bir terror təşkilatı olduğu və arxasında İranın dəstəklədiyi təşkilatdır. Terror aktları başlayandan sonra Həmasın rəsmilərindən biri öz açıqlamasında bu əməliyyatlarda fəal dəstəyinə görə İrana təşəkkür etdi".
Politoloq qeyd edib ki, Həmas rəhbərliyi İrana silah, maliyyyə yardımı və raket kimi yardımlar göndərdiyi üçün təşəkkür edir:
"Bunun çox müxtəlif səbəbləri mövcuddur. İran son dövrlər Səudiyyə Ərəbistan və İsrail arasındakı münasibətlərinin normallaşmasını heç də məmnunluqla qarşılamırdı. Hindistanda keçirilən G20 görüşündə qəbul edilən daha bir dəhlizlə bağlı proses İrandan kənarda qaldığı üçün bunu pozmaq niyyətində ola bilər. Həmin layihəyə görə, Hindistandan açılacaq dəhliz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və İsrail üzərindən keçməklə Avropaya çıxış əldə edirdi. Ona görə də bu prosesi əngəlləmək niyyətində ola bilər. Təsadüfi deyil ki, bir neçə ay əvvəl Həmas rəhbərləri İranda səfərdə olmuşdular. İsrail artıq müharibə vəziyyəti elan edib və Qəzza zolağında əməliyyatlara başlayıb. Hal-hazırda Həmas qüvvələri İsrailin 27 yaşayış məntəqələrinə daxil olublar. Həmin ərazilərdə olan terrorçuların tapılması və onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar aparılır. Qəzza zolağında Həmasa bağlı olan qruplaşmalar, hərbi obyektlər hədəfə alınır və kütləvi hava hücumları ilə zərbələr endirilir. Çox güman ki, hava hücumları bitəndən sonra quru qoşunların da bölgəyə daxil olacağı istisna etmək olmaz. Bütün hallarda bu müharibənin bir müddət davam edəcəyini düşünürəm. Belə ki, İsrail tərəfi edilən terro aktları ilə hərəkətlərinin cavablarını çox ağır şəkildə ödəniləcəyini bildirib və bununla bağlı hərəkətlərə də başlanılıb. Bu baxımdan yaxın dövrlər üçün Yaxın və Orta Şərqdə gərgin bir vəziyyətin gözlədiyini qeyd edə bilərik".
Fatimə Mustafayeva