Azərbaycan Ermənistandan fərqli olaraq, əraziləri qaranlıqdan işığa çıxaracaq-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 14:55 10.10.2023
“Torpaqlarımız 30 il boyunca erməni əsarəti altında, işğal vəziyyətində qaldı. Azərbaycan Müstəqillik əldə etdikdən sonra regionların sosial-iqtisadi inkişaf proqramı qəbul edildi. Prezident Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə də bununla bağlı ciddi uğurlu addımlar atılıb. Amma torpaqlarımız işğal altında olduğu müddətdə bu addım tam şəkildə həyata keçirilə bilmədi, bu vəziyyət iqtisadiyyata, ümumilikdə dövlətin bütün inkişafına mənfi təsir etdi”.
Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, ərazilərimizin azad edilməsi, Cənab Prezidentində göstərişi vasitəsilə, regionlarda böyük quruculuq tədbirləri həyata keçirilir.
“Bu quruculuq, yenidənqurma tədbirləri bizi böyük büdcə xərcləri ilə üz-üzə qoyacaq. Azərbaycan 10 milyard ABŞ dolları məbləğində bərpa işinə pul ayırıb. Amma həmin ərazilərin yeraltı-yerüstü sərvətləri, turizm imkanları, infrastruktur, eyni zamanda, prezidentin səfər ərəfəsində bölgələrdə açılan obyektlərin mahiyyətinə nəzər salsaq, ciddi imkanlarımızın reallaşdırılması işində uğurlu addımlar atırıq. Alternativ bərpa olunan enerjilərin, Yaşıl enerjinin reallaşması, ərazilərimizdəki imkanlar iqtisadiyyatımıza töhvələr verəcək.
İnvestisiya yatırımı, minalardan təmizlənmə, geniş quruculuq, infrastrukturun bərpası , yollar, körpülər, dəmiryolu inşası - qısa zaman çərçivəsində bu fəaliyyətləri müsbət istuqamətdə reallaşdırdıq. İşğaldan azad edilən bölgələrimizdə Beynəlxalq standartlara uyğun 2 havalimanı fəaliyyət göstərir. Növbəti il isə Laçın hava limanının istifadəyə verilməsi gözlənilir.
Azərbaycan Ermənistandan fərqli olaraq, əraziləri qaranlıqdan işığa çıxaracaq. Biz həmin ərazilərimizi digər regionlarımızdan fərqləndirmək yerinə, onlara üstünlük verməliyik. Gələcəkdə bölgələrə büdcə ayrılsa da , müəyyən xərclər çəkilsə də, həmin ərazilərdəki turizm, enerji, sərvətlər və s. imkanların hər biri iqtisadiyyatımıza böyük töhvələr verəcək”.
Həcər Əmiraslanlı