''QARABAĞDA HƏLƏ DƏ GİZLİ SİLAH QRUPLARI VAR''

Bölmə: Siyasət › ,
Tarix: 18:08 13.10.2023

Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə Qarabağda hələ də gizlənən silahlı qrupların olduğunu açıqlayıb.

 

İnformator.az ARB 24-ə istinadən xəbər verir ki,
dövlət başçısı ərazinin dağlıq və meşəlik olması səbəbindən quldur birləşmələrin tamamilə təmizləmək üçün vaxt lazım olacağını qeyd edib.
Bəs Azərbaycan irəliləyən vaxtlarda separatçıların tör-töküntülərinin bölgədən silinməsi üçün təmizləmə tədbirləri başlada bilərmi?

 

Siyasi şərhçi Turan Rzayev mövzuya münasibət bildirib. "Münaqişə prosesi bitib, amma problem olaraq qalıb. Səbəb separatçıların bu vəziyyətlə barışmaması və mübarizə aparmaq istəyidir. Vəziyyətin belə olması bir neçə məsələnin aktuallığını doğurur".
Şərhçi həmin məsələləri diqqətə çatdırıb. "Birincisi Azərbaycan antiterror tədbirlərinə davam edə bilər. Bu ondan xəbər verir ki, rus sülhməramlılarının regionda qalması və səlahiyyət müddətinin uzadılması gerçəkləşə bilər".

 

Hərbi ekspert Azər Bayramov iddia edir ki, "gizlənən silahlı dəstələrin müəyyən müddət sonra Azərbaycan ordusuna qarşı terror hücumları törətmə planları istisna edilmir". Ekspertin dediyinə görə qarşıdan qış aylarının gəldiyini, məhdud görmə şəraitini nəzərə alan terrorçular Azərbaycan Ordusuna atəş aça bilərlər. "Azərbaycanlıların Qarabağa qayıdışı və onların təhlükəsizliyi dəstələrin tamamilə təmizlənməsini qaçılmaz edir".