Ali məktəblərdə ödənişli ixtisaslar: Məbləğin miqdarına hansı amillər təsir edir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:23 09.04.2024

Ali məktəblərdə ödənişli ixtisasların ödənişlərində fərqliliyin olmasını bir çox tələbələr narazılıqla qarşılayır.

 

Bəs bunun səbəbi nədir?

 

Bu barədə Elm və təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az"a açıqlama verib. O qeyd edib ki, dövlət və özəl universitetlərdə təhsil haqlarının müəyyənləşdirilməsi sahəsində vahid metodologiya yoxdur:

 

"Universitetlər təhsil haqlarını müəyyənləşdirərkən daha çox xərc metodunu əsas götürürlər. Yəni, hər tələbəyə çəkilən xərclər, universitetin xərclədiyi ödənişlər nəzərə alınır. Daha çox ödəniş perspektivliyi, əhəmiyyətliliyi, işlə təminolunma şansı çox olan, hüquq, tibb kimi ixtisaslarda olur. Yerli universitetlərimizin necə təhsil verməsi, keyfiyyətin hansı səviyyədə olması ictimaiyyətə məlumdur. Ali təhsilimizin keyfiyyətli təhsili və ödənilən ödənişlər müqayisədə acınacaqlı vəziyyət yaradır. Ali təhsil müəssisələrimiz dünya reytinqində olmasa da, təhsil haqlarının bahalığına görə reytinq qazanıb.

 

Ekspert universitetlərdəki ödənişlər barəsində danışıb:

 

"Universitetlərdə ixtisasların ödənişi 1000-6500 manat arasında dəyişir. Minimum və eləcə də orta-aylıq əməkhaqqı fonunda bu ödənişlər adekvat deyil. Problem orasındadır ki, yüksək olan təhsil haqları hər il daha da artırılır. Heç bir bal toplamadan, attestatla xaricdə təhsil alan azərbaycanlılar yerli universitetlərə edilən ödənişdən daha az məbləğə təhsil alırlar. Məsələn, Türkiyənin dövlət universitetlərində təhsil haqqı 100-3000 manat, Rusiyada 400-3500 manat, Ukraynada isə 500-2500 manat arasında dəyişir.

Bizdə universitet oxumaq böyük avantaj sayıldığı üçün çoxu keyfiyyətə önəm vermir, “əsas diplomu olsun” prinsipi ilə hər nə ödəniş olarsa, borca-xərcə düşüb, kredit götürüb təhsil alırlar".

 

 

Banuçiçək Kalbalıyeva