Sülh müqaviləsi yaxınlarda bağlana bilərmi?-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 16:40 25.05.2024
"Ermənistanın Azərbaycanın torpaqlarını geri qaytarması və bu məsələnin müharibə yox, dinc yolla yerinə yetirilməsi Azərbaycanı sevindirdi".
Bu sözləri politoloq Ramiz Alıyev Azərbaycan Dövlət Sərhəd Xidmətinin Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərini nəzarətə götürməsiylə bağlı "informator.az" a açıqlamasında qeyd edib:
"10 noyabr 2020-ci il razılaşmasında öz əksini tapan müəyyən müddəalar var ki, təəsüf ki, hələ də yerinə yetirilməyib. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ancaq Ermənistan bəzi nüanslar var ki, onları yerinə yetirməkdən hələ də boyun qaçırır, məsələnin hələ də uzanmasına şərait yaradır. Ancaq onlar da yaxın zamanda öz həllini tapacaq və bu, vacibdir. Çünki Ermənistanın gələcək taleyi həmin öhdəlikləri yerinə yetirməkdən keçir".
Politoloq deyir ki, bu cür addımlarn atılması, məsələn, delimitasiya məsələsində komissiya sədrlərinin vasitəçisiz görüşü çox əlamətdar, təqdirəlayiq hadisədir.
"Ermənistan Qazaxın 4 kəndini qaytardı və sərhəddə delimitasiya qaydalarına uyğun olaraq sərhəd dirəkləri yerləşdirildi, hər iki ölkənin sərhədçiləri də vəzifələrini yerinə yetirməyə başlayacaqlar. Bu da əlamətdardır, sülhə gedən yoldur. Sülh prosesinin yaxın bir zamanda olacağına artıq işarətlər var. Bunun üçün heç bir əngəl yoxdur və ən uyğun şərait məhz indidir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması hər iki tərəf üçün önəmlidir.
Münasibətlərin bərpa olmasını istəməyən, münaqişə ocaqları yaratmaq istəyən bəzi dövlətlər yenə Ermənistanı revanşizmə hazırlamaq istəyəcəklər. Hesab edirəm ki, Ermənistan rəhbərliyi və hakimiyyəti daha dərindən düşünsə, onlara imkan verməyəcək.
Belə halların baş verməməsi üçün Ermənistan tərəfi daha qətiyyətli, ağıllı düşünməlidir. Çünki Ermənistanın başqa bir şansı qalmayıb, məhv olmaq təhlükəsindədir".
Yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlana bilərmi?
"Yaxınlarda sülh müqaviləsi bağlana bilər, bu yöndə addımlar artıq atılır, bu proses sürətlənib. 4 kəndin qaytarılması məsələsi də bu sürətlənməni, inamı daha da artırıb.
Biz yaxın gələcəkdə yeni sürpriz qərarları görə bilərik".
Qeyd edək ki, bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Nəzrin Mirzəyeva