Üzgüçülük- faydaları nələrdir?

Tarix: 21:20 06.03.2025
Üzgüçülük dünyanın ən məşhur və faydalı idman növlərindən biridir. Təkcə yarış məqsədilə deyil, həm də sağlamlıq üçün milyonlarla insan bu idman növünü sevir.
Üzgüçülüyün ən böyük üstünlüklərindən biri onun hər yaş qrupu üçün əlverişli olmasıdır. Uşaqlardan, yaşlı insanlara qədər hər kəs bu idman növü ilə məşğul ola bilər. Su bədəndəki yükü azaltdığı üçün, xüsusilə oynaq və onurğa problemləri olan insanlar üçün üzgüçülük mükəmməl seçimdir. Üzgüçülük sağlamlıq üçün əvəzolunmaz idman növlərindən biridir.
Mövzu ilə bağlı Bakı Su İdman Sarayının üzgüçü, məşqçisi Elvin Hüseynov “İnformator.az”a bildirib ki, mütəxəssislər üzgüçülük dərslərinə mümkün qədər tez başlamağı məsləhət görürlər:
“Üzgüçülük su qorxusunu aradan qaldırır. Bir çox uşaqlar və böyüklər sudan qorxur. Bu qorxunun qarşısını erkən yaşda almaq lazımdır, əks halda uşaq böyüdükcə bu fobiyaya çevrilə bilər.
Sistemli üzgüçülük məşqləri nəticəsində baş- beyin qabığında sinir proseslərinin gücü və hərəkətliliyi yüksəlir, sinir sisteminin plastikliyi yüksəlir ki, bu da insanı daha balanslı edir, öz davranışına daha yaxşı nəzarət edir və müxtəlif mühitlərdə yeni fəaliyyət növlərinə daha tez uyğunlaşır.
Üzğüçülük stressi azaldır. Üzgüçülük sizi nəfəsinizi tənzimləməyə məcbur edir və daha çox oksigenin əzələlərinizə çatmasına şərait yaradır. Həmçinin əzələləri masaj etməyə və stressi aradan qaldırmağa kömək edir. Qapalı suda olmaq sakit və meditativ emosiyalar doğurur və eyni zamanda stressi aradan qaldıran bir fəaliyyətdir.
Bizim ölkədə bu idman inkişaf edir, biz bir çox yerli ve xarici yarışları keçirdirik.
Su İdman Sarayı dünya standartlarına uyğundur. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda üzgüçülüyü, xüsusən, uşaqlar arasında təbliğ etmək, ölkədə bu idman növünün inkişafını dünya səviyyəsinə çatdırmaqdır”.
Fatimə Şahverdiyeva