Distimiya nədir?-Psixoloq rəyi

Tarix: 17:57 19.03.2025
Distimiya – ən azı iki il davam edən xroniki depressiya növüdür. Əsas əlamətləri pessimizm, yorğunluq, maraq və motivasiya azlığı, yuxu pozuntuları və aşağı özünəqiymətdir. Simptomlar major depressiya qədər şiddətli olmasa da, insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır.
Bu mövzu ilə bağlı psixoloq, pedaqoq Nuray və “Fidan 2” bağçasının direktoru Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, distimiya uzunmüddətli, xroniki depressiya növüdür və bir çox amilin təsiri nəticəsində yarana bilər:
"Əsas səbəblər arasında bunlar yer alır:
1) Beyində serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlərin balanssızlığı distimiya riskini artırır.
2)Ailədə depressiya və ya distimiya halları olan insanlarda bu pozuntuya daha çox rast gəlinir.
3)Uşaqlıq dövründə yaşanan emosional travmalar, uzunmüddətli stress, ailədaxili problemlər və sosial təcrid distimiya üçün zəmin yarada bilər.
4)Pessimizm, özgüvənin aşağı olması və özünütənqidə meyillilik bu pozuntuya daha çox meyilli insan xüsusiyyətləridir.
5)Uzunmüddətli fiziki xəstəliklər və ya nevroloji problemlər də distimiyaya səbəb ola bilər".
Müsahibimiz sözlərində müalicə üsullarını da qeyd edib:
"Distimiya kompleks yanaşma tələb edən pozuntudur və müalicəsində aşağıdakı üsullar effektiv hesab edilir:
1)Davranış terapiyası və psixodinamik terapiya distimiya xəstələrinin düşüncə və davranış modellərini dəyişməyə kömək edir.
2)Antidepresanlar, xüsusilə selektiv serotonin geri tutma inhibitorları və serotonin-norepinefrin geri tutma inhibitorları bəzi hallarda effektiv olur.
3)İnsanların emosional dəstək alması və sosial təcriddən çıxması vacibdir.
3)Fiziki aktivlik, düzgün qidalanma və yuxu rejiminin normallaşdırılması distimiyanın idarə olunmasına müsbət təsir edir.
4)Meditasiya, nəfəs texnikaları və relaksasiya metodları stressin azalmasına və emosional tarazlığın qorunmasına kömək edir.
Distimiya nə qədər uzunmüddətli və xroniki pozuntu olsa da, düzgün müalicə və psixoloji dəstək sayəsində insanların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşa bilər".
Nigar Həsənzadə