Hərbi jurnalistika-Döyüş meydanında sözün gücü

Tarix: 20:53 19.03.2025
Hərbi jurnalistika müharibə və hərbi əməliyyatlar zamanı informasiya çatdıran, cəmiyyətə doğru və operativ məlumat verən vacib sahədir. Bu jurnalistlər təhlükəli şəraitdə işləyərək döyüş meydanından xəbərlər təqdim edir, hərbi əməliyyatların gedişatı, əsgərlərin həyatı və müharibənin sosial təsirləri haqqında məlumat verir. Hərbi jurnalistin əsas vəzifəsi obyektiv və dəqiq xəbərlər yaymaq, dezinformasiyanın qarşısını almaqdır. Hərbi jurnalistika həm cəmiyyət üçün informasiya mənbəyi, həm də tarixi hadisələrin canlı şahidi rolunu oynayır.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “informator.az”a bildirib ki, Azərbaycanda hərbi jurnalistikanın böyük tarixi var. Bizim Salatın Əsgərova, Çingiz Mustafayev, Tahir Qarayev, Allahverdi Əsədov, Seyidağa Mövsümov kimi tanınmış hərbi jurnalistlərimiz olub:
“Bir çoxu şəhid olub. Onlara misal olaraq Çingiz Mustafeyevi, Salatın Əsgərovanı, Alı Mustafayevi göstərmək olar. Həyatda olan hərbi jurnalistlərimizə nümunə olaraq İsa İsmayılovu, Üzeyir Cəfərovu demək olar. Bizim xeyli sayda hərbi jurnalistlərimiz var və onlar bu gün də hərbi ekspert kimi silahlı qüvvələrimizdə fəaliyyət göstərirlər. Həm ikinci Qarabağ müharibəsində, həm də ondan əvvəki dönəmdə hərbi jurnalistlərimizin çox mühüm rolu var idi. Davamlı olaraq Müdafiə Nazirliyi və Mətbuat Şurası onlara seminarlar təşkil edirdi. Bu sahədə Əlsafa Mehdiyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Bu istiqamətdə kitab nəşr olunub və Əlsafa müəllim jurnalistika fakültəsi üçün dərs tədris edir. Hərbi jurnalistika həm də təhlükəli sahələrdən biridir. Jurnalist bilir ki, hər an cəbhədə şəhid ola və yaralana bilər. Ona görə də jurnalist hərbi hissənin komandanının verdiyi tapşırıqları yerinə yetirməlidir. Həm öz fəaliyyətini icra etməli, həm də döyüş mövqeyini nəzərə alaraq ordu rəhbərliyinin verdiyi təlimatları nəzərə almalıdır və onlara əməl etməlidir.
Hərbi jurnalistin günün tələblərinə uyğun bilik və bacarıqları olmalıdır. Həm hərbi, həm də jurnalistika sahəsini bilməlidir. Ekstriminal hallara uyğun davranmağı bacarmalıdır. Bu istiqamətdə təlimlərdə iştirak etməlidir. Davamlı olaraq öz üzərində çalışmalıdır. Hərbi jurnalist özünü minaya düşməkdən, dronlardan qorumalıdır. Buna görə də ərazini və relyefi bilməlidir”.
Fatimə Heydərova