Siçanlar üzərində sınaq

Tarix: 23:37 29.05.2025
Avropadakı alimlər iki xərçəng dərmanını birləşdirərək yaratdıqları “yaşlanma əleyhinə kokteyli” siçanlar üzərində sınaqdan keçiriblər. Nəticələr təsirli olub: Siçanların ömür müddəti orta hesabla 30 faiz uzanıb. Üstəlik, bu əlavə ömür xəstəlik və ya zəifliklə deyil, daha sağlam bir qocalıq dövrü ilə müşayiət olunub.
Araşdırma Almaniyadakı Max Plank Yaşlanma Biologiyası İnstitutunda aparılıb. İstifadə olunan dərmanlardan biri olan rapamisin orqan köçürülmələrində orqanın rədd edilməsinin qarşısını almaq üçün istifadə olunur və daha əvvəl müxtəlif heyvan sınaqlarında ömrü uzatdığı sübut olunub. Trametinib isə bəzi xərçəng növlərində istifadə edilən başqa bir dərmandır və meyvə milçəklərində ömür müddətini uzatdığı məlumdur.
Tədqiqatçılar bu dərmanları siçanlara həm ayrı-ayrılıqda, həm də birlikdə verərək təsirlərini müqayisə ediblər:
1. Yalnız rapamisin: ömürdə 17–18% artım
2. Yalnız trametinib: ömürdə 7–16% artım
3. Hər ikisi birlikdə: ömürdə 26–35% artım
Dərman kokteyli verilən siçanlarda təkcə ömür uzanmayıb, qaraciyər və dalaqda şişlərin yaranması gecikib, beyin, böyrək və əzələlərdə iltihab azalıb, ürək funksiyalarındakı pozulmalar isə daha yavaş irəliləyib. Bundan əlavə, bu siçanlar yaşlandıqları dövrdə daha aktiv qalıblar və daha az çəki alıblar.
Dişi siçanlarda orta ömür müddəti 34,9%, erkəklərdə isə 27,4% artıb. Maksimal ömür müddəti isə müvafiq olaraq 32,4% və 26,1% uzanıb.
Hər iki dərman orqanizmdə yaşlanma prosesinə təsir edən Ras/İnsulin/TOR adlı siqnal yoluna təsir edir. Lakin bu dərmanlar fərqli nöqtələri hədəf aldığından birlikdə istifadə edildikdə daha güclü təsir göstərir. Üstəlik, əlavə heç bir yan təsir müşahidə edilməyib.
TRT XƏBƏR
Lalə Qurbanlı