Əmlak bölgüsü belə aparılır...
Bölmə: Sosial › ,Tarix: 22:17 11.07.2024
Bəzən əmlak bölgüləri zamanı ciddi problemlər üzə çıxır. Ər-arvad arasında bölgü dövrümüzdə daha aktualdır.
Bəs bölgü necə aparılmalıdır ?
Mövzu ilə bağlı hüquqşünas Esmira Rzayeva "informator.az"a açıqlamasında bildirib ki, Mülki Məcəllədə qeyd olunub ki, vəfat edən şəxsin vərəsələri onun yaxın qohumları, əri(arvadı) oğlu-qızı, ata-anası ola bilər:
'Əgər vəsiyyətnamə yoxdursa, onların hər biri bərabər hüquqludur. Qanun üzrə vərəsə hesab olunurlar. Vəsiyyətnamədə qeyd olunsa belə, onların məcburi pay hüquqlatı var. Əgər əmlak birgə nikah dövründə alınıbsa, yarıbayarı əmlakçı hesab olunurlar. Əgər əmlak ərə vərəsəlik üzrə keçibsə, bu zaman əmlak vəfat edən şəxsin arvadı və uşaqları arasında bərabər bölünür. Əlbəttə ki, nikah rəsmi olmaldır".
Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır.
Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.
Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.
Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).
Vüqar Alışov