Məhərrəmlik ayında müsəlmanlara tövsiyələr-İlahiyyatçı AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 20:56 12.07.2024

Artıq məhərrəm ayındayıq. Bu ay şiələrin tutduqları yas, saxladıqları matəm, təziyədir. 

 

Bəs insanların bu aya münasibəti necədir? Bu ağır ayda müsəlmanlara nələri tövsiyə etmək olar ?

 

Bu barədə ilahiyyatçı Tural İrfan "informator.az"a açıqlama verib. O bildirb ki, Məhərrəm ayında matəm və xüsusi tədbirlər keçirmək Quranda, İslam şəriətinin əslində yoxdur:

 

"Ümumiyyətlə, ölmüş adama yalnız 3 gün yas saxlamaq haqqda Peyğəmbərin əmri var. İmam Hüseyn şəhid olduqdan sonra əsir düşən Əhli-Beyt də onlara 3 gün yas tutub. İl dönümü, anım mərasimi İslam əsaslarında yoxdur. Bu, İmam Hüseyni o vaxt çağırıb güdaza verənlərin sonradan peşmançılıq hisslərinin təzahüründən yaranıb. Bir yerə toplaşıb tövbə edənlər başlarına vurub özlərinə əziyyət ediblər ki, bəlkə Allah xəyanətlərini əfv edə. Sonra da İraqdan İrana, oradan da Səfəvilər zamanı bizə keçib. İmam Hüseyni xatırlamaq, onu yad etmək, təbliğ etməklə Məhərrəmlikdə edilən işlərin heç bir əlaqəsi yoxdur".

 

İlahiyyatçının sözlərinə görə, ölkədə xurafat həddən artıq artıb:

 

"İnsanlar toplaşır mərsiyyə oxuyur, sinə vurur, başına vurur, lakin İmam Hüseynin doğum tarixini bilmir. Kərbəlada şəhid olanların adını bilmir. Bu dindir ? Budur İmam Hüseyn sevgisi ? Şübhəsiz ki bu xurafat və cəhalətdir. Həqiqi dindarların, İslamı olduğu kimi qavrayanların sayı azalır, lakin xurafata doğru gedənlərin sayı çoxalır.

Məscidlərə axın həmişə olub. Ancaq bu dinə, Allaha görə deyil, adətə görədir. Yaxşı olar ki, insanlar düzgün maarifləndirilsin. İmam Hüseyn ona görə şəhid olmadı ki, insanlar toplaşıb başına vursun, amma Qurandan bixəbər qalsınlar. Ona görə şəhid olmadı ki, başqalarına lənət desinlər. Məhərrəm ayındakı toplanış əsla İslam dininə uyğun deyil, İmam Hüseyn yoluna xas deyil. Fars, Sasani adətidir".

 

 

Mayıl Soltanov