Artan boğulma halları: Hansı tədbirlər görülməlidir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:14 12.07.2024

Bu gün səhər saatlarında 3 nəfər yeniyetmə dənizdə batıb. Dəniz mövsümü açıldığından bəri dənizdə batanların sayı artıb. Bu da valideynləri, eləcə də digər sakinləri narahat edir.

 

Bəs bu hallar nə üçün tez-tez baş verir? Bu halların qarşısının alınması üçün hansı tədbirlər görülür? 

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, çimərliyə gedərkən təhlükəsizlik məsələsi ön planda olmalıdır: 

 

"Birinci növbədə hava şəraiti nəzərə alınmalıdır. Yəni əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. Qeyri çimərlik sahələrinə getmək olmaz. Hansı çimərliklərə icazə verilibsə, o çimərliklərə getmək lazımdır. Çünki fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti olur. Buna görə də bu çimərliklərə getmək daha təhlükəsizdir. Bu mütləqdir. Digər əsas məsələdə əlverişsiz hava şəraitində çimərliyə getməkdir. Ümumiyyətlə statistikaya nəzər yetirsək görərik ki, çimərlikdə boğulma hallarının 75%dən çox hissəsi əlverişsiz hava şəraitinin payına düşür. Dünya üzrə suda boğulma hallarının statistikasında isə boğulma hallarının 95%-i isə qeyri çimərlik sahələrində olanların payına düşür. Buna həm dəniz, həm çaylar, göllər, arxlar, kanallar -hamsı daxildir".

 

Ekspertin sözlərinə görə, sərhədlənən, yəni müəyyən edilən nişanların tələblərinə riayət etmək lazımdır:

 

"Üzmə sərhədlərinin müəyyən olunduğu yerdən daha irəliyə üzmək təhlükəsizlik cəhətdən yolverilməzdir. Suda 15-20 dəqiqədən artıq vaxt keçirmək də boğulma riskini yaradan amildir. Sahilə paralel üzmək lazımdır. Çimərliyi yarış meydançasına çevirmək olmaz. Kim daha uzağa üzə bilər, kim dərində daha çox vaxt keçirə bilər, və yaxud qaya parçalarınınz dəmir konstruksiyaların üzərinə çıxıb suya baş vurmaq təhlükəlidir. Spirtli içki qəbul etib suya girmək də yolverilməzdir. Valideynlər uşaqlarını nəzarətsiz buraxmamalıdır".

 

Aləmzər İbrahimova