Qonşu ölkələrdə baş verən zəlzələlər: Narahatlığa ehtiyac varmı?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:27 15.07.2024
İyulun 12-də qonşu ölkə İranın cənubunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu gün isə Ermənistanda zəlzələ baş verib və Azərbaycanda da hiss olunub. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Bəs, Azərbaycanın digər bölgələrində də baş vermə ehtimalı var mı?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında seysmoloq Ənvər Əliyev bunların adi silkələnmələr olduğunu bildirib:
"Məsələ burasındadır ki, 3-4 bal zəlzələ sayılmır. Bunlar adi silkələnmələrdir. Cihazlar bunu müşahidə edir. Bunların çoxunu elan etməyin heç bir mənası yoxdur. 3 ballıq zəlzələni elan etmək əhalini təlaşa salır. Əvvəllər belə rəqəmləri demirdilər. Bu tip zəlzələlərin 90 faizini əhali hiss etmir. Bu, daimi bir hərəkətin məhsuludur".
Sonda ekspert narahatlığa heç bir əsasın olmadığını qeyd edib:
"Zəlzələnin vaxtlarının qabaqcadan deyilməsi mümkün deyil. Heç kəs deyə bilməz ki, olacaq, heç kəs də deyə bilməz ki, olmayacaq. Vaxtı, məkanı demək çətindir. Ona görə də narahatlığa ehtiyac yoxdur".
Lalə Qafarova