"Valideynlər bu şeyləri övladlarına yükləyirlər"..-PSİXOLOQ AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 21:09 15.07.2024

"Uşaq bir dili mükəmməl bilmədən onu ikinci dilə yönəltmək onların psixologiyasına mənfi təsir göstərir". Bu sözləri "İnformator.az"-a açıqlamasında Ailə və Uşaq psixoloqu Aynur İsmayılova qeyd edib.

 

Psixoloq bildirib ki, uşaqlar dörd yaşa qədər sadəcə həyatı dərk etməyə, duyğularını ifadə etməyə, valideynlərindən gördüyü davranışları analiz etmədən onlar kimi davranmağa çalışırlar.

 

"Bəzən valideyn olaraq həyata keçirə bilmədiyimiz arzuları övladlara yükləyirik. Məsələn, valideyn uşaq ikən rəqsə getmək, idmana gedib idmançı olmaq və yaxud da hər hansı bir xarici dili mükəmməl bilmək istəyib. Nəticədə bunlara onların valideynləri icazə verməyibsə, müəyyən problemlərdən dolayı bunları həyata keçirə bilməyibsə, bu zaman həmin arzuları övladında həyata keçirmək istəyir. Amma uşaq beş yaşa qədər ən azı öz dilini mükəmməl bilməlidir. Ana və atasının danışdığı dillərdə danışmalıdır. Beş yaşdan sonra onları digər dillərə yönəltmək olar. İdman və rəqs məsələsinə gəldikdə isə dörd yaşdan sonra uşaqları bu məşğuliyyətlərə yönəltmək olar. Uşaqlar dörd yaşdan sonra öz bacarıqlarını inkişaf etdirməyə başlayırlar.
Əgər uşağı daha erkən yaşda-fikirlərini ana dilində ifadə etməyi bacarmamış dil kurslarına qoyuruqsa, bu hal uşaqların psixologiyasında yük olmağa başlayacaq. yaradacaq. Nəticədə özgüvən əksikliyi yaranacaq".

 

Çinarə Muradova