Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi-XİN-dən AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:53 15.07.2024

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

 

Bəs səfirliyin işinin bərpası hansı məsələlərin inkişafına töhfə verə bilər ?

 

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "informator.az"a verdiyi məlumatda bildirilir ki, İran tərəfi akkreditasiya ölkəsi kimi "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib:

 

"Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.

Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək".

 

Sözügedən mövzu ilə bağlı politoloq Anar Əliyevin sözlərinə görə İranda keçirilən prezident seçkisində qalib gələn Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini qəbul etməsi və Azərbaycan Prezidentini də İrana dəvət etməsi çox müsbət haldır:

 

"Bu, iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcək çox mühüm ilkin şərtlərin formalaşmasına zəmin yaradır. Amma eyni zamanda bu həm də mərhum Prezident İbrahim Rəisinin fəaliyyətinin son dövrlərində Azərbaycanla münasibətlərin normallaşmasına xidmət eləyən səylərinin, Azərbaycanla birgə imzalanmış razılaşmaların şərtlərinə əməl ediləcəyinə inam, ümid formalaşdırır. Azərbaycanın İranla münasibətlərin formalaşmasında demək olar ki, xüsusi ilkin şərtləri mövcud deyil. Azərbaycan İrandan hər zaman mehriban qonşuluq, tarixi, mədəni, dini əlaqələrimizə söykənən səmimi münasibətlər gözləyib. Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasətinə, soyqırıma, ədalətsizliyə İran tərəfindən ədalətli yanaşma, beynəlxalq hüququn prinsiplərinə uyğun davranış gözləyib. Bundan irəli gələn müəyyən detallarda İranın Azərbaycana qarşı əsassız iddialarına biz sərt cavablarımızı səsləndirdik və bu təzyiqlərin, təhdidlərin yolverilməz olduğunu bəyan etdik. Xüsusilə, 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə qarşı terror aktının iştirakçılarının və sifarişçilərinin tapılıb cəzalandırılması, buna görə İran dövlətinin atmalı olduğu addımlarla bağlı mövqeyimizi bildirdik". 

 

Politoloq əlavə edib ki, səfirliyin fəaliyyətinin davam edəcəyi yalnız o şərtlə mümkündür ki, İran daha ciddi təhlükəsizlik tədbirləri həyata keçirməlidir:

 

"Biz İrandan bunu gözləyirik. Bu ilin may ayında sərhəddə Azərbaycan Prezidenti və İranın mərhum prezidenti İbrahim Rəisinin imzaladığı Azərbaycan-İran münasibətlərini irəli apara biləcək çox mühüm razılaşmaların şərtlərinə əməl ediləcəyi ilə bağlı gözləntilərimiz var. Eyni zamanda İran XİN, İran parlamenti və SEPAH-ın ayrı-ayrı yüksək vəzifəli şəxslərinin Azərbaycana qarşı təhdid ritorikalarından imtina olunması və bir daha münasibətlərə xələl gətirəcək belə ritorik davranışlar nümayiş etdirilməməsini istəyirik”.

 

Mayıl Soltanov