Şagirdlərin elektron yerdəyişməsi-Üstünlüklər və Çətinliklər

Bölmə: Sosial › ,
Tarix: 17:35 25.02.2025

Şagirdlərin yerdəyişmə prosesinin elektronlaşdırılması müasir təhsil sisteminin mühüm üstünlüklərindən biridir. Bu sistem vasitəsilə şagirdlər və onların valideynləri məktəb və sinif seçimini, ərazi üzrə yerdəyişməni heç bir yerə getmədən, sürətli və asan şəkildə həyata keçirə bilirlər.


Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib. Ekspertin sözlərinə görə, ənənəvi yerdəyişmə üsullarına nisbətən bu proses daha az vaxt və enerji tələb edir:
“Elektron sistemlərin tətbiqi ilə yerdəyişmə prosesi zamanı məlumatlar mərkəzləşdirilir və elektronlaşdırılır. Bunun sayəsində həm Təhsil Nazirliyi, həm də şagirdin dəyişmək istədiyi məktəblər real vaxtda məlumatları izləyə bilirlər”.


C.İmanlının sözlərinə görə, bu üsul həm şəffaflığı artırır, həm də valideynlər və şagirdlər prosesin hər hansı bir mərhələsində dərhal məlumat əldə edirlər:
“Elektron sistemlərdə məlumatlar avtomatik saxlanıldığı üçün məktəblərin müraciətləri daha sürətlə həll olunur, bu da məktəb idarəetməsinə müsbət təsir göstərir. Bununla yanaşı, elektron yerdəyişmənin bəzi çətinlikləri də mövcuddur”.


Ekspertin sözlərinə görə, ən böyük problem valideyn və şagirdlərin texniki biliklərinin məhdud olmasıdır:
“Digər bir məsələ isə bölgələrdə internetin əlçatanlığı ilə bağlı çətinliklərdir. Hətta bəzi məktəblər internetə tam şəkildə qoşulmaqda çətinlik çəkə bilər. XI siniflər üçün yerdəyişmənin həyata keçirilməməsinin əsas səbəbi isə onların məlumatlarının Dövlət İmtahan Mərkəzinin (DİM) şagird-məzun sisteminə inteqrasiya olunmasıdır. DİM, məhz bu sistem vasitəsilə şagirdlərin buraxılış imtahanlarını əvvəlcədən planlaşdırır”.


C.İmanlı sonda əlavə edir ki, bu planlaşdırma zamanı şagirdlərin imtahan yerini, onların oxuduqları məktəbə əsasən təyin edilir:
“Şagird yerini dəyişərsə, bu, buraxılış imtahanları zamanı qarışıqlığa səbəb ola bilər. Eyni zamanda, məktəblər üzrə statistika çıxarılması, təlim nəticələrinin qiymətləndirilməsi və 11-ci siniflərdə tədris edilən spesifik fənlərin nəzərə alınması, yerdəyişmənin perspektivsizliyini göstərir”, - deyə ekspert yekunlaşdırıb.


Elşən Məmmədzadə