Onlayn yoxsa ənənəvi təhsil?-AÇIQLAMA

Tarix: 17:33 25.02.2025
Distant təhsil formasının qanunvericilik əsasları ilə tanıdılması çox vacibdir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib. Onun sözlərinə görə, pandemiya dövründə və xüsusilə qarlı, çovğunlu hava şəraitində tətbiq edilən distant təhsil formaları əslində distant təhsil mahiyyətinə uyğun deyil:
“Distant təhsilin özünəməxsus proqramı və metodikası olmalıdır. Nə orta, nə də ali təhsil seqmentində distant təhsilin müəyyən qaydada tətbiq ediləcəyi barədə konkret hazırlıq mövcud deyil. Məsələnin həlli istiqamətində müəyyən addımlar atılmalıdır”.
Elmin Nuri iqlim şəraiti və hava göstəricilərinin təhsildə rahatlıq yaratdığına da diqqət çəkir:
“Bu səbəbdən, distant təhsilə olan ehtiyac bəzi hallarda azala bilər. Məsələn, Bakıda qarlı havanın 2-3 gün ərzində əriməsi hər kəsə məlumdur, buna görə də qarlı hava şəraiti təhsil sistemi üçün fors-major halı kimi qəbul edilmir”.
Təhsil eksperti distant təhsilin yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirir:
“Qarın olub-olmamasından asılı olmayaraq, distant təhsili adi şəraitdə də qəbul edilən bir həll yolu olaraq qəbul etmək lazımdır”.
Elmin Nuri yalnız qarlı hava şəraitində distant təhsilin müzakirə edilməsinin yanlış olduğunu qeyd edir və bununla bağlı təhsilin gələcəyinin hibrit modellə əlaqəli olduğunu vurğulayır:
“Gələcəkdə təhsil sektorunun ənənəvi və distant təhsilin birləşməsi ilə inkişaf etməsi gözlənilir. Buna görə də, indidən hibrit təhsilin detallarını mənimsəmək və bu təhsil modelinə keçid üçün hazırlıqlı olmaq vacibdir”.
Elmin Nuri sonda hibrit təhsil sisteminin inkişafı ilə müəyyən addımların atılması məsələsini ön plana çəkib:
“Ənənəvi təhsildən tamamilə imtina etmək mümkün olmasa da, hibrit təhsil modelinin daha geniş tətbiqinə dair mühüm addımlar atılmalıdır”, - deyə ekspert yekunlaşdırıb.
Xədicə Kərimli