İllərdir davam edən Aşura ənənələri: "Uşaqları bu cahilliyə sürükləmək..."-Sosioloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 12:14 16.07.2024

Bildiyimiz kimi, bir çox müsəlman ölkələrində olduğu kimi bizdə də Aşura ənənələri var. VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycanda Məhərrəmlik ayında Aşura ənənələri zamanı bir neçə mühüm məqamı da gözdən qaçırmamalıyıq. Burada əsas məqamlardan biri də azyaşlıların bu tədbirlərə aparılmasıdır.

 

Bəs azyaşlıların belə mərasimlərə aparılması nə dərəcədə düzgündür?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, Aşura günü küçələrdə, ictimai yerlərdə baş-gözünə döyən əzadar uşaqlar, qanını tökən gənclər, başına palçıq yaxan insanları çox görürük:

 

"Tarixi unutmamaq, əslində yaxşı xüsusiyyətdir. İnsanlıq hansı çətinliklərdən, necə məşəqqətlərdən keçib, uşaqlar da bilməlidir. Lakin Xocalıda baş verənləri övladından gizlədən, onu öz yaxın tarixi barədə məlumatlandırmayan valideynlər əsrlər öncə baş vermiş hadisə barədə övladına müfəssəl məlumat verirsə, onu özü ilə məscidə aparıb əzadarlıq etməsi üçün şərait yaradırsa, burada bir yanlışlıq, bir səmimiyyətsizlik var".

 

Sosioloqun sözlərinə görə, uşaqları bu cahilliyə sürükləmək heç bir cəmiyyətə xeyir gətirməyib:

 

"Təhsil yerinə xurafat yüklənən yaddaşları, tərtəmiz zəkaları, dümağ beyinləri heyifdir. Məscid həyətində başına, sinəsinə döyüb ağı söyləyən yeniyetmələrin və uşaqların görüntülərini izlədikdə ziyalı insanın keçirdiyi hiss heyifslənməkdir. Üst-başına palçıq çəkib var gücü ilə başına-gözünə döyən gəncləri, yeniyetmələri sosial şəbəkələrdə yayılan görüntülərdə əksəriyyət ürəkağrısı ilə izləyir. O uşaqlara dinin gözəlliyini, məşhur din xadimlərinin əməllərini və xidmətlərini, Peyğəmbər və imamların din uğrunda mübarizələrini, ruhi dünya, ruhi biliklər haqqında məlumat vermək yerinə cahilliyə sürükləmək kimə, nə qazandıracaq"?

 

Lalə Mehralı bu mərasimlərdə uşaqların zərər görə biləcəyinə toxunub:

 

"Başını, alnını xəncərlə kəsib qan axıdan insanlar səhvən həyati bir damarı kəsə bilər, kürəyinə zəncir döyən, başına qapaz endirən insanların hamısının sağlamlıq vəziyyəti yerində olmaya bilər. Aşurada hər il bashabasda, ayaqaltında qalıb əzilən də az olmur. Özləri bir yana, körpələrin alnını, başını kəsib qan axıdan qisim var. O körpələri ora aparan, incidilməsinə, zorakılığa məruz qalmasına göz yuman qadınlar, analar var. Övladının dərsini oxumamasından narahat olmayan, amma əzadarlıq etməməsindən narahat olan valideynlər var. Üstəlik bu mərasimlər zamanı uşaqların zərər görəcəyini, ayaq altda qala biləcəyini istisna etməyərək..."

 

Nigar Səmədli