İsti günlərin bəlası günvurma: əlamətləri, qorunma yolları...-Həkim AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 17:30 16.07.2024

"Yay günlərində isti havada, günəş şüaları altında uzun müddət qalmaq günvurmaya səbəb olan əsas amildir. Bununla bağlı səhiyyə işçiləri dəfələrlə xəbərdarlıq ediblər. Əgər uzun müddət günəşin şüaları altında qalınarsa, günvurma qaçılmazdır"! 

 

Bu sözləri "informator.az"a açıqlamasında terapevt Abbas Bağırov söyləyib. Onun sözlərinə görə, günvurma hallarına əsasən, günəşin pik nöqtəyə qalxması zamanı daha da çox təsadüf olunur:

 

"Havalar kəskin istiləşdiyi vaxtlar günəş işığı altında uzun müddət gəzmək, əmək fəaliyyəti ilə əlaqədar olaraq günorta vaxtlarında ağır fiziki işlərlə məşğul olmaq ürəkbulanmaya, qusmaya, halsızlığa və hətta komatoz vəziyyətə səbəb ola bilər ki, bütün bunlar günvurmanın əlamətləridir. Bəzi hallarda ürəktutması halları ilə də rastlaşmaq mümkündür ki, bu da həyati təhlükə sayılır! Günvurma zamanı autorqulyator mexanizmlərin işi pozulmaqla orqanizmin özünü tənzimləməsi prosesləri nizamdan çıxır. Tərləmə prosesinə nəzarətin itməsi zamanı bədənin həddindən artıq isinməsi halı yaranır. Bu, günvurmadır. Günorta zamanı perpendikulyar istiqamətdə insanların başı Günəş şüasının təsirinə məruz qaldığı halda bunun təsirindən orqanizmin Günəşdən ”zəhərlənməsi” prosesi başlayır. Bu da öz növbəsində səthi toxumalarda hüceyrələrin membran keçiriciliyini tənzimləyən mexanizmlərin pozulmasına səbəb olur. Eyni zamanda dərinin dərin qatları da zədələnməklə və dəri funksiyasının pozulması fonunda orqanizmin istilik mübadilə sistemləri işini tənzimləyə bilmir. Bu zaman mərkəzi sinir sistemi də əziyyət çəkir, beyin qabığında və qabıqaltı strukturlarda impulsların keçiriciliyi pozulmaqla damar sisteminin də fəaliyyətində ciddi dəyişikliklər yaranır. Nəticədə beyin hipoksiyası əmələ gəlməklə davamlı olaraq beyin hüceyrələri funksiyasını itirmiş olur, habelə beyindaxili təzyiqin artması hesabına hərəki və hissi problemlərin yaranması müşahidə edilir. Beyin iltihabı dərinləşir".

 

Terapevt günvurmanın əlamətlərindən danışıb:

 

"Bəzən günvurma əlamətləri günəşin altında uzun müddətli qaldıqdan 6-8 saat sonra başlaya bilir.

Yüngül dərəcəli günvurma zamanı reflekslər və şüur saxlanmış olur, əvvəlcə ümumi zəiflik sonra isə dərinləşən ürəkbulanma halı müşahidə edilir. Ürəkdöyüntüsü və təngənəfəslik də izlənə bilər. Gözün bəbəkləri genişlənir. 

Orta dərəcəli günvurma hallarında isə hərarət artmaqla bərabər, burun qanaması göstərilən patoloji vəziyyətlərə əlavə olunur, şüur itməsi, hərəkət pozulması halları meydana gəlir. Eşitmə də itə bilir.

Güclü günvurmalarda hərarət kritik olaraq qalxır, xəstənin sifəti qızarır və solgunlaşır. Sayıqlamalar özünübilməmə qeyd edilir. Bu hallar kompleks xarakter aldıqda komatoz vəziyyət və yaxud qəfləti ölüm halları baş verə bilir.

Günvurma zamanı heç kəs özünə diaqnoz qoymasın, özbaşına tədbir görməsin şübhə olduğu halda dərhal təcili yardım çağırmaq lazımdır"!

 

Abbas Bağırov günvurma zamanı yardım üçün nə etmək lazım olduğunu da vurğulayıb:

 

"Hər hansı bir dərəcədə günvurma zamanı xəstəni dərhal sərin bir yerə gətirmək, uzatmaq, əgər hipertonik kriz təhlüksəi yoxdursa bol miqdarda su vermək və bədən istiliyini aşağı salmaq lazımdır. Ürək-damar və tənəffüs sistemlərinin işi diqqətə alınmalıdır.

Günvurma hiss etmisinizsə:

Kölgəyə və ya sərin, havası təmiz olan bir otağa çəkilin !

Baş və ayaqlarınızı dik qaldırıb uzanın !

Boynunun və baldırın altına bir şey qoyun !

 Üst geyimlərinizi, kəmərinizi çıxarın!

 Sinə və boyunu azad vəziyyətdə saxlayın !

 Sərin su, yaxşı olar ki, mineral su için !

Adi suya bir çay qaşığı ucunda duz və şəkər əlavə edin sonra için! 

Parçanı su ilə nəmləndirin və sinə üzərinə qoyun !

Soyuq kompreslər yalnız bədənin müəyyən hissələrinə tətbiq oluna bilər: boyun, alın və biləklər. 

Əgər daha ağır simptomlar müşahidə olunursa xəstəyə yardım etmək üçün əlavə tədbirlər görülməlidir. O, qusma zamanı böyrü üstə çevrilməli, huşun itməsi qeyd olunursa ammonyak məhlul iylətməli, zərurət yaranarsa süni nəfəs verib ürəyi massaj etmək lazımdır"!

 

Müsahib sonda günvurmadan qorunmaq üçün tövsiyələr verib:

 

"Günvurmadan qorunmaq üçün günorta saat 11.00-dan 17.00-a qədər birbaşa Günəş işığında mümkün qədər az olun. Geymləriniz təbbi materiallardan və açıq rəngli olsun. Başınıza ötrük və yaxud şapka geyinin. Mümkün qədər maye qəbulunu artırın. Yağlı və ağır kalorili qidalardan pəhriz qalın. İstidə ağır fiziki gərginiyə məruz qalmayın. Sərinləmək üçün optimal variantlar seçin.

Uşaqlara və yaşlılara, risk qrupuna daxilan, meteohəssas insanlara xüsusi diqqət edin! Hamilə qadınlar, hipertoniya və işemik ürək xəstəliyi, tiroid vəzi patologiyası, şəkərli diabet, bronxial astma, hepatit, ruhi xəstəlik kimi xroniki xəstəlikləri olanlar, insult və ya infarkt keçirmişlər, hormonal pozğunluqları və allergiyası olanlar, kök insanlar, alkoqol və narkotik aludəçiləri çox ehtiyatlı olmalıdırlar. 

Uşaqlara çox diqqətlə fikir verilməlidir"!

 

Nigar Səmədli