Obsessiv-kompulsiv pozuntu: Əlamətləri, səbəbləri, müalicə üsulları...-Həkim AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 20:46 16.07.2024

Son illərdə cəmiyyətdə daha çox rast gəlinən obsessiv-kompulsiv pozuntu hər 100 nəfərdən iki və ya üçündə rast gəlinir. Ümumiyyətlə yeniyetməlik dövrünü və 20-30 yaşlarını əhatə edən xəstəlik uşaqlıq da daxil olmaqla hər yaşda müşahidə edilə bilər.

 

Bu barəsində "informator.az"a açıqlamasında psixoterapevt Elmir Əkbər Obsessiv-kompulsiv pozuntunun səbəblərindən danışıb:

 

"Azərbaycanda Obsessiv-kompulsiv pozuntunun(OKP) yayılması çox yüksəkdir. Ola bilsin, bu, milli mentalitetdən irəli gəlir. Çünki bütün psixoloji problemlər, pozuntular, xəstəliklər, bunlar viruslar, infeksiya ilə yayılan bir xəstəlik deyil. Onların yaranmağında birinci dərəcəli rol sırf psixoloji faktorlarla əlaqəlidir. Panik atak, depressiya(biyoloji-endogen depressiyadan başqa), təşviş-həyəcan pozuntusu, fobiya, obsessiv-kompulsiv pozuntu-bunlar psixoterapik xəstəliklərdir. Bunların yaranma səbəbi psixososial faktrlardır. Bu uşaq vaxtı formalaşmış müəyyən xarakterlə bağlıdır. Əslində ilk semptomlar yeniyetməlik dövründən çıxır. Hansısa qəribə vərdişlər, hərəkətlər, rituallar kimi ola bilər. Məsələn: qapının bir neçə dəfə açılması, əl harasa dəyirsə, yenidən həmin yerə 3 dəfə toxunulması və.s kimi nümunə göstərmək olar. O zamandan bunun üzərinə düşmək lazımdır".

 

Psixoterapevtin sözlərinə görə, psixolojik xəstəliklər arasında ən mürəkkəb, ağır və uzun müddət müalicəyə ehtiyacı olanı Obsessiv-Kompulsiv Pozuntudur(OKP):

 

"Beynəlxalq protokollarda da yazılıb ki, pasienti bu barədə başa salmaq lazımdır ki, müalicənin ilk altı ayında bunun simptomları arta da bilər. Yəni bu da müalicənin, nə qədər uzunsürən bir proses olduğunun göstəricisidir. 

Digər psixolojik xəstəliklərdən fərqli olaraq Obsessiv-Kompulsiv Pozuntuya(OKP) dərmanların təsiri olur. 90% hallarda təəssüf ki, dərmansız keçirmək mümkün deyil. Buna baxmayaraq, Azərbaycanda bir çox insan bu xəstəliyin artıq uzun müddət, illər sonra keçərək fəsadlaşmış, ağır formaya gəlmiş şəkildə müraciət edirlər".

 

Müsahib Azərbaycanda xəstəliyin 2 əsas gedişat növünü müşahidə edib:

 

"Birincisi gedişat, patoloji xəstə təmizkarlıqla müşahidə olunur. Loru dildə "vasvasalıq" da deyilir. Həddən artıq mübaliğə olunmuş, əsassız təmizkarlıqdır. İnsanın yalnız özü deyil, doğmaları da bundan əziyyət çəkir. Zaman keçdikcə bu çox ağırlaşır və insanın bütün həyatını alt-üst edir, hətta əlillik dərəcəsinə gətirib çıxarır. Çünki insan özü evdən çölə çıxa bilmir və evə də kiminsə gəlməsinə icazə vermir. İkinci gedişat isə insanın iradəsindən kənar beyninə gələn fikirlər formasında olur. Məsələn: İnsanın hörmət etdiyi bir şəxs haqqında biədəb mövzularda səhnələrin, fikirlərin gəlməsi və ya çox dini inancı olan insanların, Allah'la, dinlə bağlı nalayiq fikirlərin gəlməsi kimi və.s Yəni bu hər iki forma insanlarda ağılını, şüurunu itirməsinə səbəb olur. Bu şəxslərdə sosial həyat tamamilə alt-üst olur".

 

Elmir Əkbər Obsessiv-kompulsiv pozuntunun digər əsas əlamətlərini də vurğulayıb: 

 

"Qədim zamanlarda buna "Sayrışan Hallar Nevrozu" deyilirdi. Ancaq bu rus dilindən yalnış bir tərcümə idi. Müasir adında isə "Obsessiv-Kompulsiv Pozuntu(OKP)adlanır. Obsessiv fikirlər, insanın ağlına qeyri-iradi gəlir. Kompulsiyalarsa bu fikirlərin doğurdu qorxunu, təşvişi aradan qaldırmaq üçün şüuraltı uydurub, inanıb, həyata keçirdiyi davranış rituallarıdır.

Bu xəstəlikdən əziyyət çəkən insanların zəkası adətən yüksək olur. Onların beyin imkanları hətta lazım olandan da çox-çox artıq olur. Təəsüf ki, bu şəxslərin bəzən belə neqativ cəhətləri olur. Çox tərs olurlar. Mükəmməliyyətçi olurlar. Əldə etdikləri naliyyətləri dəyərsizləşdirməyə meyilli olurlar".

 

Psixoterapevt xəstəlikdən əziyyət çəkənlərə tövsiyələrini bildirib:

 

"Birinci tövsiyəm odur ki, yarandığı ilk dövrlərdə, yeniyetməlik dövrlərində psixoloqlara müraciət olunmalıdır. İkinci tövsiyəm isə Obsessiv-Kopulsiv Pozuntuya(OKP) sahib insanların doğmaları tərəfindən onların üzərinə getməsin. Çünki bu onların iradələrindən asılı olan vəziyyət deyil. Hətta onlara "güclü ol, boş ver" kimi cümlələr demək, təhqirdir. Çünki onlar bu vəziyyətə öz rıza və istəkləri üzrə gəlməyib.

Müalicə iki hissədən ibarətdir. Birinci növbədə ən vacib element, psixoterapiya seansları və mütləq dəstəkləyici dərman terapiyalarına gedilməlidir".

 

Aysel Ağakərimova