"Eagle Partner 2024": ABŞ bu təlimdə nə üçün maraqlıdır? -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:49 17.07.2024

Ermənistan böyük qardaşı ABŞ-la "Eagle Partner 2024" hərbi təliminə start verib. Təlimlər iyulun 24-ə qədər davam edəcək.

 

Bu təlim sülh prosesinə təsir edə bilərmi? Təlimdən gözləntilər nələrdir?

 

Mövzunu "informator.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, ABŞ Ermənistan arasındakı hərbi təlimlər Ermənistan Azərbaycan arasında sülh müqaviləsini əngəlləməklə bağlı deyil:

 

"ABŞ bu təlimdə özünün geosiyasi maraqları kontekstində maraqlıdır. Çünki seçki öncəsi Bayden administrasiyasının kiçik də olsa, geosiyasi uğurlara ehtiyacı var ki, bununla da amerikanlara 30 illik Azərbaycan Ermənistan münaqişəsini bitirdiklərini bəyan edəcəklər. Çünki bundan başqa hansısa bir geosiyasi uğur mövcud deyil. Paralel olaraq bir də ABŞ yaxın şərqdəki müharibəni dayanıqlı atəşkəslə dayandırmaq və bunu da özünün uğurları siyahısına yazmaq istəyir. Söhbət Həmas və İsrail arasındakı müharibədən gedir. Ona görə ABŞ tələsir, çünki noyabra qədər belə uğurlar əldə olunmuş olsa, ən azından demokratların indiki böhran vəziyyətində seçki öncəsi amerikan ictimai rəyinə müəyyən pozitiv ideyalar, fikirlər, perspektivlər verə bilər".

 

Politoloqun sözlərinə görə, hərbi təlimlər bu ilin aprel ayının 5-də ABŞ,Avropa Birliyi, və Ermənistanın Brüsseldə məxfi görüşünün nəticələri ilə bağlıdır:  

 

"O vaxt bu görüşün nəticələri ilə bağlı beynəlxalq ictimai rəyə o qədər də ciddi məsələləri ehtiva edən açıqlama verilmədi. Bu hərbi təlim aprelin 5-də olan görüşün nəticələridir. Burda da əsas məqsəd Ermənistanın hər hansı bir xarici təhdid təhlükələrinə qarşı daha dayanıqlı olmasıdır. Eyni zamanda ABŞ həm də Ukrayna cəbhəsində Rusiya ilə mübarizə aparırsa, eyni məsələ Ukraynadan digər bölgələrə də transformasiya olunur. Bu bölgələrdən biri cənubi Qafqazdır. Ona görə də ABŞ cənubi Qafqazım ən zəif bəndi olan Ermənistan üzərindən Rusiyanı tədricən digər bölgədən sıxışdırmaq fikrindədir. Bu hərbi təlimlər də daha çox Rusiyaya yönəlik bir siyasətdir. Çünki ötən dəfə bu yöndə birgə hərbi təlimlər oldu. Sonradan bəlli oldu ki, Ermənistana gələn amerikan əsgərlər ABŞ-a geri qayıtmayıb. Bu dolayısı ilə Ermənistan hökumətinin təhlükəsizliyini təmin etmək üçündür".

 

Natiq Miri əlavə edib ki, bu cür hərbi təlimlər vasitəsilə həm də Rusiyanın Ermənistandan çıxarılması məşqləri edilir:

 

"Çünki bu potensial özündə müəyyən risklər daşıyır. Bu riskləri minimuma endirmək üçün ABŞ Ermənistan ordusunun güc orqanlarını tədricən gücləndirir. Paralel olaraq Ermənistan polisinin gücləndirilməsi ilə bağlı əlavə 16milyon dollar vəsait də ayırıb. Bunlar hamısı Ermənistan ordusunun güclü, dayanıqlı olması üçündür. Bunlarında əksəriyyəti Rusiyaya yönəlmiş siyasətdir. Əlbəttə ki, bunun Azərbaycan tərəfi də mövcuddur. Hər bir halda istənilən Azərbaycan Ermənistan arasındakı toqquşmada Ermənistanın tamamilə ayaq altında qalıb əzilməsini ABŞ istəmir. Ancaq indiki vəziyyətdə keçirilən hərbi təlimlər, daha çox Rusiyaya yönəlik bir məşqdir".

 

Aləmzər İbrahimova