Şüuraltı düşüncə nədir? -Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 14:50 18.07.2024

"Şüurlu hissə zehnin tam dərk edilən hissəsidir - bu hissə "düşünən ağıl"dır. İnsan ağlının bu hissəsi ilə düşünür, problem həll edir, baş verənləri analiz edir və rasionallaşdırır, gördüyü və görmədiyi məfhumları təsəvvür edir. Maraqlıdır ki, beynin şüurlu tərəfi kim olduğunuzun, necə davrandığınızın, verdiyiniz qərarların və həyatı necə qavradığınızın təxminən 5%-nə təsir edir".

 

Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Elnur Rüstəmov söyləyib. O, qeyd edib ki, şüuraltı sadə dildə desək insanın bilavasitə şüurunun altında gizlənib:

 

"Şüuraltının dərinliklərində inanclar, perspektivlər, gözləntilər və qorxular var. Şüuraltında olanlara birbaşa çıxış yoxdur, lakin o, düşüncələrimizin, reaksiyalarımızın, davranışlarımızın və həyatı qavrayış tərzimizin 95%-nə nəzarət edir. 

Beləcə faktiki olaraq insan - bu dünyada etdiklərinin 95%-nə birbaşa nəzarət etmir. Araşdırmalar sübut edir ki, insanın gördüyü işlərin əksəriyyəti tamamilə şüursuzdur və o sadəcə olaraq zehnində qurulmuş proqramları həyata keçirir. 

Şüuraltı arxa planda işləyən əməliyyat sistemi kimidir, şüurlu hissə isə hazırda ön planda istifadə etdiyimiz proqramdır. Qısacası deyə bilərik ki, fərd şüuraltı vasitəsilə "şüursuz" yaşayır".

 

Psixoloqun sözlərinə görə, bu səyahət insan doğulduğu andan etibarən başlayır:

 

"Uşaq 0-7 yaş arasında həqiqəti qeyri-həqiqətdən ayırmaq qabiliyyətinə malik olmur. O yalnız sevdiyi insanların ona həqiqət olaraq dediklərini və həyatda yaşadıqlarını tək reallıq olaraq dərk edib mənimsəyir. Şüuraltı zehin ayrıseçkilik etmir. O, daima şüuraltını gördükləri, eşitdikləri və yaşadıqları ilə proqramlaşdırır, hər şeyi həqiqət və reallıq kimi tanımaq üçün travmaya və qorxuya səbəb olan yolları bağlayır. Bunu da qeyd etmək lazımdır ki, insan 2 təbii qorxu ilə doğulur: yıxılmaq və yüksək səs qorxusu. Digər qorxular isə fərdin davam edən həyatında kimsə və ya hansısa situasiya nəticəsində yaranır.

Beləliklə insanın böyüdüyü mühit və ona həyat haqqında öyrədilən inanclar şüuraltını proqramlayır, şüuraltı isə fərdin kim olduğunu və dünyanı necə qavradığını formalaşdırır. Bu proses, fərd dərindən saxladığı şüursuz inanclarınının fərqinə varıb onları yenidən proqramlaşdırmağa başlayana qədər davam edir".

 

Müsahib əlavə edib ki, narahatlıq, qorxu və şübhə ilə qarşılaşan zaman, xarici dünyada baş verənlər bir növ şüuraltı inanclarla toqquşur:

 

"Nəhayət düşüncələrin, şübhələrin və qorxuların səbəblərinin həyatın ən erkən mərhələlərində proqramlaşdırıldığını və bir çoxunun doğru olmadığını başa düşdükdə, fərd kim olduğunu və həyatını dəyişdirmək üçün onları yenidən qurmağa zəmin yarada bilər.

Mövcud inanclar neyropatiya yollarına bağlıdır və buna görə də insanlar üçün köhnə vərdişlərdən və proqramlaşdırılmış davranışlardan çıxmaq, dəyişiklik etmək çox çətindir. Çünki insan özü ilə sözün əsl mənasında mübarizə aparır. Şüuraltı beynin yalnız bir işi var - insanı yaşatmaq. Şüuraltına görə insanın xoşbəxt olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, insan sağdır. Şüuraltı insanı həyatda saxlamağın ən yaxşı yolunu təkrarlanan döngədə ilişib qalmaqda görür. Çünki orada əvvəlcədən bildiyi təcrübələr və ən əsası əminlik var. Bu tipli şikayətlərdə əsas səbəb də budur: fərd həmişə olduğu yerdə ilişib qalır, çünki beyin həmin yerdə bədənin sağ qaldığını daha əvvəl təcrübədən keçirib, bu hal təkrarlandıqca şüuraltında olan fikirlər komfort zonaya keçid edir. Qısacası nə qədər mənfi olsa da bu düşüncələr fərdə komfort zonadan çıxmağa icazə vermir. Problem də məhz buradan başlayır".

 

Elnur Rüstəmov bu düşüncələrdən azad olmağın yollarını açıqlayıb:

 

"Şüuraltı zehni yenidən proqramlaşdırmağın ən yaxşı yolu - vizuallaşdırmadır. Yenisini yaratmaq üçün mütləq təxəyyüldən istifadə edilməlidir. İnsan yaşamaq istədiyi həyatı, nəyə sahib olmaq istədiyini və kim olmaq istədiyini mütəmadi olaraq təsəvvür etməyə başlayanda bütün həyatı dəyişməyə başlayır. Yeni halları, hissləri və emosiyaları təsəvvürə gətirdiyiniz zaman bu proses sürətlənir.

Son olaraq qeyd etmək lazımdır ki, dəyişikliyin çətin olmasının yeganə səbəbi mübarizə aparmağınızdır. Ona görə də beyninizi yeni situasiyalara fokusladıqda, mütləq ki, bu yeni situasiyalara yeni fürsətlər daxil olacaq. Həyatda yeni fürsətlər hər zaman var. Həmin fürsətləri görmək üçün sadəcə əvvəlki düşüncələrdən uzaqlaşmaq, məqsədlər qurmaq və ən əsası arxayınlıqdan əl çəkmək lazımdır. Yaşadığımız travmalara səbəb olan amillərin bir çoxu bizdən asılı olmayaraq baş verir. Lakin inkişaf etməmək, yeni fəaliyyətlərə şans verməmək isə məhz bizim özümüzdən asılıdır. Odur ki, həyata yeni imkanlar dəvət etmək üçün yeni sistem qurmaq mütləqdir, yoxsa insan həmişə eyni çarxda, eyni sürətdə qalacaq.

 

Unutmayın, bütün dəyişiklik və transformasiyalar fərqli biri olmağı tələb edir, buna görə də proaktiv olmaq - həyatınızda hər şeyi dəyişdirməyin ən səmərəli və təsirli yoludur. Nə yaratmaq istədiyinizi aydınlaşdırmaq və bunu şüuraltı zehninizdə vizuallaşdırmaq həm şəxsi həyatınızda, həm də sosial həyatınızda istədiyiniz hər şeyi yaratmaq prosesini asanlaşdıracaq".

 

Aysel Ağakərimova