Keçmiş məcburi köçkünlər seçki zamanı harda səs verəcək?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:20 18.07.2024
Bildiyimiz kimi, Azərbaycan torpaqlarının 20 faizi 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrnin işğalı altında olub. Bu səbəbdən də 1 milyona yaxın şəxs qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bəs bu ilin sentyabrında baş verəcək seçkilərdə Qarabağ və ətraf rayonlardan olan əhali səs vermə hüququnu harda istifadə edəcək ?
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov "informator.az"a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, işğal altında olan torpaqlarımızda qeydiyyatda olan vətəndaşlarımız işğal dövrü davam etdiyi müddətdə səsvermə hüquqlarını reallaşdırıblar:
"Həm prezident seçkilərində, həm referendumda, həm də parlamentə seçkilər zamanı onlara şərait yaradılıb və onlar rahat şəkildə səs verə biliblər. Yalnız bələdiyyələri olmadığına görə onlar bələdiyyə seçkilərində iştirak edə bilməyiblər. Artıq proses başlayıb, işğal faktı aradan qalxıb, vətəndaşlarımız azad olunan ərazilərimizə köçüblər, yaşamlarını işğaldan azad olunan ərazilərdə davam edirlər. Bu günə qədər işğaldan azad olunan ərazilərdə nə qədər insan yaşayırsa, onlar üçün orada seçki komissiyaları yaradılıb, bu məntəqələrin sayı 34-dür. Artıq orda olan seçicilərin sayıda məlumdur. İşğaldan azad olunan rayonlara hələlik ki, qayıtmayan bizim keçmiş qaçqın vətəndaşlarımızda hazırda qeydiyyatda olduqları yerlərdə səs verə bilərlər. Onlar üçün hər cür şərait yaradılıb".
Hüseyn İlyasov