Autizm nədir? Əlamətləri, müalicə yolları...-Psixiatr AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 18:25 22.07.2024
"Autizm xəstəliyi bir spektr pozuntusudur. Spektr pozuntusu o dəməkdir ki, bu autizm xəstələri hamısı eyni olmur. Yəni xəstəliyin şiddətinə və formasına görə bir-birindən fərqlənir".
Bu sözləri informator.az-a açıqlamasında uzman psixiatr Azər Bağırov autizm xəstəliyindən danışarkən söyləyib. O, "Autizm Spekr Pozuntusu"nun əlamətlərini bəhs edib:
"Autizm Spektr Pozuntusu(ASP) "Neyro İnkişaf Pozuntuları" da adlanır. Uşağın nevroloji inkişafı, müəyyən yaşlardan başlayır. Bu inkişafda geridə qalma var. Autistik uşaqlarda da bu, fərqli sferalarda olur. Məsələn: intellektin inkişafı, iq'sünün inkişafı, motor(hərəkətetmə bacarığı) inkişafı, sosial inkişafı və.s var.
Autistik uşaqları erkən dönəmlərdən ortaya çıxarmaq mümkün olmağa başlayıb. Bu da bilgilənməklə əlaqəlidir. İlk əlamət odur ki, bu uşaqlar göz kontaktı qurmur və adlarına reaksiya vermirlər. İstədikləri bir şeyləri göstərə bilmirlər. Məsələn: Uşaqlar anaya istədikləri bir şeyi demədən əvvəl göstərir və ya işarət edirlər. Lakin onlarda bu bacarıq olmur.
Digər ilk, valideynləri şüphələndirən faktor, uşağın nitq inkişafının başlamamasıdır. Uşaqlar ortalama 18-36 aylarda söz deməyə, cümlə qurmağa başlayırlar. Bunun ilk əlamətləri də müəyyən təkrarlayan hecaların-baba kimi bu şəkildə hecalar etməkdir. Artıq 3 yaşında uşağın söz demək bacarığı olmursa, bu zaman valideynlər şüphələnib, həkimə aparırlar. Çox zaman bu ilk uşaqlarda olur. Çünki ananın da bir təcrübəsi olmur və daha öncəki uşağın inkişafını müşahidə etməyib. Buna görə də tez diqqətini çəkmir. Artıq burda autizm problemi olduğu aşkarlanır.
Autistik uşaqlarda digər faktor odur ki, spektrdır. Şiddətinə görə çox fərqli ola bilir. Zəkanın inkişafı autizmdə həmişə eyni səviyyədə olmur. Bəzi Autistiklər də zəka aşağı olur. Bu digər zəka geriliyindən onunla fərqlənir ki, autistik uşaqlarda eyni zamanda sterotipik yəni təkrarlayan hərəkətlər göstərirlər.
Bundan başqa autistik uşaqlarda, dar bir maraq çərçivəsi olur. Müəyyən lazımlı olmayan şeylərlə maraqlanırlar. Fırlanan şeylərə maraq göstərirlər. Məsələn: Digər uşaqlar oyuncaq maşınla oynayan zaman, onlar maşının təkərini fırladaraq saatlarca ona baxa bilərlər.
Digər yaşıdları ilə ünsiyyət qura, oynaya bilmir. Tək qalır. Kontakt qurmaqda çətinlik çəkirlər.
Autistik uşaqlarda qorxu və təşviş halları çox olduğu üçün bəzən onlarda vurma, qırma, qışqırma kimi qorxudan qaynaqlanan hallar olur. Burda artıq dərman müalicəsi ilə müdaxilə etmək lazım olur. Bu uşağın adaptasiyası, davranışları nisbətən daha kontrollu olsun və təlimə uyğunlaşa bilsin.
Bəzi autistik uşaqlarda isə emosional əskikliyi iq'lərinin çox yüksək olması ilə kompensasiya edirlər. Burda "Asperger sendromu"ndan bəhs edirik. Yəni öyrənmə, yaddaş qabiliyyəti xüsusilə də fotoqrafik yaddaş qabilyyətləri çox yüksək olur. Rəqəmlərlə əlaqəli yaddaş qabilyyətləri çox yüksək olur.
Sosial həyatları o qədər də uğurlu olmur. Belə bəzən elm adamları ola bilirlər. Məktəbdə dərs proqramını öyrənə bilirlər. Ev tapşırıqlarını yerinə yetirə bilirlər. Ancaq sosiallaşma, ünsiyyət problemləri çox qabarıq olur. Bundan əziyyət çəkməyə davam edirlər".
Azər Bağırov Autistik uşaqların müalicəsi yollarını vurğulayıb:
"Bütün Autistik spektrı uşaqlarda xüsusi təlim dediyimiz, burada sensor inteqrasiya, loqopedla nitq inkişafı və.s bunun kimi müxtəlif bacarıqların inkişafı təlimlərin erkən yaşdan başlaması lazımdır.
Ən əsası budur ki, özəl təlimlərə yazılmalıdır. Təlimlərin miqdarı nə qədər çox olsa, o qədər yaxşıdır. Gündüz təlimlər olur ki, orada uşaq müəyyən saata qədər qalır. Orada müxtəlif təlimlərə məruz qalır və bunlar daha çox məsləhətlidir.
"Autizm spektrdan çıxmaq" kimi bir fikir də var. Bunun heç bir elmi əsası yoxdur ancaq bəzi uşaqlar özəl təlimlərlə o qədər inkişaf edirlər ki, artıq autistik əskiklərini, öyrəndikləri bacarıqları ilə kompensasiya edirlər. Belə olduqda yaşıdlarından çox az fərqlənirlər. Buna görə də "Autizmdən spektrdan çıxdı" kimi adlanır".
Aysel Ağakərimova