Yeniyetmələr arasında stress və gərginlik niyə artır?-Psixoloq RƏYİ
Bölmə: Sosial › ,Tarix: 20:43 22.07.2024
Bu gün ən çox rastlaşdığımız problemlərdən biri yeniyetmələrin qarşılaşdığı stress, psixi problemlər səbəbi ilə müəyyən yollara düşməsi, səhv qərarlar ilə gələcəyində böyük izlər qoymasıdır.
Yeniyetmələrdə stress və gərginliyin yol açdığı xəstəliklər, onların yaratdığı problemlər və onların həlli yolları nələrdir?
Bu barədə psixoloq Elmir Əkbər "informator.az"a açıqlamasında bildirib ki, yeniyetməlik yaş dövründə stress və gərginliyin nəticəsində insanda 3 tip xəstəlik yarana bilər:
"Ola bilər ki, keçmiş adı "Nevrozluq" olan, indi isə "panik atak" adlandırdığımız xəstəlik, obsessiv- kompulsiv pozuntu,depressiya və s. kimi reaktiv xəstəliklər yaransın. Bunların hər biri ayrı- ayrılıqda kifayət qədər ciddi, insanın həyatını alt-üst edən xəstəliklərdir. Ola bilər ki, şəxsiyyət pozuntularının hər hansı bir növü yaransın, bu da nə dərəcədə ağır bir haldır, onu ədəbiyyatdan da oxuyub fəsadları haqqında məlumat almaq olar. Əgər irsi faktor varsa, adəti üzrə yeniyetməlik dövründə həmçinin şizofreniya kimi psixozlar da başlayırlar. Əgər bu hallarda vaxtında üzərinə düşülməsə, düzgün psixoterapiya seansları həkim psixoterapevt aparmasa, onda bunların çox ciddi fəsadları ola bilər. Yəni ağır psixoz, müxtəlif davranış pozuntuları, evdən qaçmalar, narkotikə qurşanmaq, qumar oyunları, cinayət törətmək və hətta intihara belə yol aça bilər".
Psixoloq bu kimi halların qarşını alınmasının yollarından da söz açıb:
"Qarşısını almaq odur ki, sağlam həyat tərzi, gözəl yaşayış, valideynlər övladları ilə doğru münasibət qurmalıdır. Psixoloji müstəvidə onları anlamalıdırlar, aralarında səmimiyyət olmalıdır. Əgər özlərində bu alınmırsa, mütəxəssisə müraciət etməlidirlər ki, onlar arasında bu körpünü həkim- psixoterapevtlər yaratsın. Və bütün bunlardan da əlavə təbii ki, profilaktik olaraq həkim, psixoterapevt görüşlərində olmalıdırlar ki, əgər hər hansı bir xəstəliyin gizlin dövrü başlayıbsa artıq onu yalnız həkim psixoterapevtlər anlayır. Valideyn anlamır,onun bu davranışını xarakteriylə bağlayır. Hətta təəsüf ki, kənardan başı çıxmayan insanlar valideynləri səhv yönləndirə bilir".
Fatimə Aslanova