Fövqəladə hallar zamanı davranış qaydalarından niyə xəbərsizik?-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 15:32 23.07.2024

Fövqəladə hal - ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisələrdir. Fövqəladə hallar qorunmaq məqsədilə bir sıra tədbirlər görülsə də, bəzən gözlənilmədən yaşana bilir. 

 

Bəs əhali fövqəladə vəziyyət zamanı davranış qaydaları ilə nə dərəcədə məlumatlıdır? Məlumatlandırma məqsədilə hansı tədbirlər görülür?

 

Bu barədə təhlükəsizlik eksperti Rəşad Rza "informator.az"a açıqlamasında bildirib ki, insanların fövqəladə hallar zamanı davranış qaydaları ilə müəyyən qədər məlumatı var, amma xırdalıqlarına qədər yoxdur:

 

"Məlumatlandırma və maarifləndirmə işləri gedir, amma yetərli qədər deyil. Artırılmasına ehtiyac var. Fövqəladə vəziyyət zamanı insanlar davranış və bunun kimi qaydalarla tanışdır. Amma xırdalıqlarına qədər məlumatları yoxdur. Çünki, insanları bu məlumatlar yalnız hadisə baş verəndən sonra maraqlandırır və o zaman araşdırıb öyrənməyə çalışırlar. Ona görə də burda güc ictimai təşkilatların üzərinə düşür. İctimai təşkilatlar bu işlə bağlı geniş tədbirlər görməlidirlər. Maarifləndirici video roliklər çəkilməlidir, yazılı şəkildə mətbuatda broşurlar və s. çap olunaraq insanlara çatdırılmalıdır. Hazırda insanlar vizual informasiyanı qəbul etməyə daha çox meyillidirlər. Ona görə yaxşı olar ki, bu istiqamətdə maarifləndirici filmlər, sənədli filmlər qısa şəkildə insanlara təqdim olunsun".

 

Təhlükəsizlik eksperti bu hallarda insanların ilk nə etməli olduğundan da söz açdı:

 

"Bu hallarda öncə sakitliyini qoruyub saxlamaq lazımdır. Soyuqqanlı olmaq lazımdır. Ondan sonra hər hansı fövqəladə hadisənin nəticəsinə görə, hadisəyə uyğun olaraq davranmaq ən düzgün yoldur. Mütəxəssislərin məsləhət gördüyü qaydalara uyğun hərəkət edilməlidir ".

 

Aslanova Fatimə