Ali məktəblərə keçid balları artacaq?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:05 23.07.2024
Artıq buraxılış və qəbul imtahanları başa çatıb. Abituriyentlər və valideynlər səbrsizliklə ixtisas seçimini gözləyirlər.
Bəs ixtisas qruplarında vəziyyət necədir ? Keçid balları keçən ilə nisbətən necə dəyişəcək ?
Məsələ ilə bağlı Təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlama verib. O bildirib ki, düzdür, buraxılış və qəbul imtahanları artıq başa çatıb, amma ümumi statistika hələ məlum deyil:
"Çünki biz I və IV ixtisas qruplarının ikinci şans üzrə nəticələrinin neçə olduğunu bilmirik. Cavablar hələ məlum deyil, güman edirik ki, bu ayın sonları çıxma ehtimalı var.
Ümumi mənzərə haqqında fikir bildirmək olar, belə ki III və V ixtisas qruplarında rəqabətin güclü olacağı gözlənilir. Çünki məlum məsələdir ki, buraxılış imtahanının nəticələri yüksək idi. Adətən idman, incəsənət yönümlü ixtisaslarda balların qalxması gözlənilir. Bundan əlavə III-qrupda Hüquq, Beynəlxalq Münasibətlər, Dövlət və İctimai Münasibətlər, IV-qrupda Tibb, Stomatologiya, I-qrupda isə İnformatika yönümlü ixtisaslarda balların artacağının şahidi olacağıq. Düzdür, plan yerində artım, Qarabağ Unversiteti, Türkiyə-Azərbaycan Universitetinin yaranması var, amma digər tərəfdən "Naxçıvan" Universitetinin bağlanmasını da nəzərə almalıyıq.
Ekspertin sözlərinə görə, artımı yüksək ballar arasında görəcəyik:
"Yəni biz ümumi mənzərədə çox da dəyişikliyi görməyəcik. Bəzən təşviş yaradırlar ki, ballar 50-100 olaraq qalxacaq. Dediyim kimi bu haqqda konkret hökm yürütmək düzgün deyil. Çünki, ümumi statistika bizə hələ də məlum deyil".
Mayıl Soltanov