Yay tətilində şagirdlərə ev tapşırığı verilməlidir?-RƏYLƏR
Bölmə: Sosial › ,Tarix: 22:04 23.07.2024
Əksər müəllimlər yay tətilində şagirdlərə əlavə tapşırıqlar verir. Bəziləri bunu uşaqların dərsləri unutmaması, bəziləri isə əlavə biliklər öyrənməsi ilə əlaqələndirir.
Bəs, əslində tətildə uşaqlara ev tapşırığı verilməlidir?
Mövzuyla bağlı "informator.az"a açıqlamasında elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, yay tətili zamanı şagirdlər əlbəttə ki, bütün vaxtlarını istirahətə sərf etməli deyillər:
"Müəyyən bir zamanda dərsliklərə də baxmalıdırlar. Tapşırıqlar işləməlidirlər, bu məntiqi testlər ola bilər, riyazi testlər ola bilər. Bu, şagirdlərin ümumi zehni inkişaflarına təsir edən amillərdir. Ona görə də bu tapşırıqların icrası şagirdlərin ümumi inkişafına müsbət mənada təsir etmiş olur. Hər hansı bir müəllim tapşırıq verirsə, bunu müsbət dəyərləndirmək lazımdır. Çünki şagirdlərə qatqıları, müsbət yönümlü nəticələri çox olur.
Eyni zamanda müəllimlər şagirdlərə çox tapşırıq verməməlidir. Sadəcə vacib olan, uşaqların əqli inkişaflarına təkan verən hansısa vəsaitlərdən istifadə etmələri tövsiyə olunursa, bunu yaxşı dəyərləndirmək lazımdır".
Sözügedən mövzu ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova da əlavə edib ki, yay tətili zamanı şagirdlərin diqqətinin toparlanmağı üçün, eyni zamanda tədrisdən uzaqlaşmamaq üçün az da olsa, tapşırıq verilməlidir:
"Ancaq müəllimlər bu tapşırıqları elə nəzərdə tutmalıdır ki, uşağın heç olmasa bir ay yarımını əhatə etsin. Şagirdin də beyninin dincəlməyinə, partadan uzaqlaşmağa təbii ki, ehtiyacı var. Əslində, uşaq nə qədər istirahət etsə də, eyni zamanda ona verilən tapşırıqları yerinə yetirməklə yanaşı gələcək tədris ilinə hazırlaşmış olur. Yox, əgər şagird ümumiyyətlə tapşırıq etməsə, onun diqqətində əksilmə müşahidə olunacaq, dərsə adaptasiyası gec olacaq, dərsdən tamamən uzaqlaşmış olacaq".
Ailəmzər İbrahimova