Maqnit qasırğası hansı fəsadları yaradır?-Həkim AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 17:22 24.07.2024

Son günlərdə yer kürəsini 6 bal və daha artıq gücdə maqnit qasırğası bürüyüb.

 

Bəs maqnit qasırğası nədir və insan səhhətində hansı fəsadları yaradır, kimlərə daha çox təsir edir ?

 

Bu barədə həkim Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, maqnit qasırğası əsasən meterohəssas insanlara ciddi problemlər yarada bilir:

 

"Maqnit qasırğası əslində Günəşə bağlıdır. Günəşin daxilində güclü nüvə partlayışlar olur və bunlar yer kürəsinə gəlir çatır. Yerin bu radiasiyalardan qorunmaq üçün kifayət qədər atmosferi var. Bunlar bizi radiasiyadan qoruyur. Amma bu elektromaqnit sahələri günəşdəki partlayışdan əmələ gəlir, bunlar Yer kürəsinə gəlir çatır və avtomatik olaraq canlılara təsirsiz ötüşmür. Çünki , bütün bioloji subyektlərin özləri də elə maqnit sahəsinə malikdirlər. Ona görə də bəzi meterohəssas insanlara belə maqnit qasırğası deyilən bu hadisələr ciddi problemlər yarada bilir".

 

Həkim maqnit qasırğasının hansı problemlərə yol aça bildiyindən də söz açıb:

 

"Təzyiq oynaya bilir, bəzən aşağı salır və ya yuxarı qaldırır, ürəkdə problemlərə gətirib çıxara bilər, beyində insult və s. Bəzi işemik dəyişikliklər elə maqnit qasırğası ilə bağlı olur. 

Hava ilə bağlı belə vəziyyətlər olduqda , bu tip insanlar öz həkimləri ilə əlaqə saxlamalıdırlar. Dərmanları dəqiq atmalıdırlar və yaxşı olar ki, həmin gün ev şəraitində olsunlar".

 

Aslanova Fatimə