"Silahım Mübariz İbrahimovun silahındandır"-Şəhid Cəmil Məmmədlinin anası...
Bölmə: Sosial › ,Tarix: 19:44 24.07.2024
"O, hələ 9-cu sinifdə oxuyanda Xocalı Soyqırımına həsr olunmuş güllə atıcılığı üzrə yarışda III-yerə çıxıb. Bilmirəm, təsadüfmü, yoxsa teleymi, elə Cəmil əsgərlikdə də atıcı əsgər idi. Həmişə bizə zəng vuranda deyirdi ki, ana, mənə Mübariz İbrahimovun silahından veriblər..." - şəhid Cəmil Habil oğlu Məmmədlinin anası Aygün Məmmədova
"Cəmil 28 İyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. Biz elə həmin ildən Bakıya köçmüşük, o səbəbdən də Cəmil Bakıda yerləşən 91 nömrəli bağçaya gedib. 2005-ci ildə Cəmil Səbail Rayon 163 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Metallurgiya və Materialşünaslıq fakultəsində ali təhsil alıb. 2020-ci il İyulun 16-da həqiqi hərbi xidmətə yollanır və xidmətin ilk ayında Ağcabədi rayonunda 704 saylı hərbi hissədə xidmət edir, sonradan Cəmil Sentyabrın 16-da Fizulidə yerləşən 706 saylı hərbi hissədə xidmətə davam etdirir".
Ana deyir ki, Cəmil onlardan müharibə bölgəsində olduğunu gizlədirmiş, yalnız şəhid olması xəbəri gələndə onların bundan xəbəri olub:
"Cəmil idmana çox həvəsli idi. O çox yaxşı futbolçu olub. Müxtəlif turnirlərdə çoxlu diplom, medallara layiq görülüb. Müharibə başlayandan Cəmil ilk dəqiqələrdə ön cəbhədə vuruşub, lakin bizimlə telfonda danışarkən deyirdi ki, bizi müharibəyə aparmayıblar, gənc əsgər olduğumuz üçün, ancaq maşınlara silah-sursat doldururuq, mən öz hərbi hissəmdəyəm və.s Yalnız şəhid olmaq xəbəri gələndə biz bildik ki, Cəmil ilk dəqiqələrdə müharibədə iştirak edib. O, Xocavəndin və Fizulinin azad olunmasında iştirak edib. Fizuli rayonu İlandağı deyilən ərazidə düşmənin yerləşdiyi postu almaqdan ötrü hücuma keçib və üç tərəfdən mühasirəyə düşüblər. Cəmil bütün yoldaşlarına bir-bir çıxmağı əmr edib. Kömək gələndə özü onların müdafiəsinə dayanıb və son dəqiqələrdə Cəmil də o hissəni tərk edəndə snayper gülləsi onun başının sağ nahiyəsindən dəyib və Cəmil Oktyabrın 15-də şəhadətə ucalıb".
Cəmil şəhid olarkən belə bunu anasından gizlətməyə çalışıblar:
"Hələ də xatırlayıram. Həmin gün mən Cəmilin bacısı ilə dükana getmişdim ki, oradan Cəmilə və əsgər yoldaşlarına isti corablar alaq. Elə dükanda olanda mənə qardaşım tərəfindən zəng gəldi və məni evə çağırdılar. Qardaşımın səsindən hiss etdim ki, nəsə olub. İlk sualım o oldu ki, "Cəmilə nəsə olub" ?! Qardaşım, yox,-dedi. Sonra isə Cəmilin yaralandığını və İsmayıllıya apardıqlarını,-dedi. Artıq məndə şübhə yarandı ki, yaralıdırsa, niyə xəstəxanaya yox, İsmayıllıya aparırlar. O günü indi də təsəvvür edəndə özümə gələ bilmirəm. Sonra İsmayıllıya gəldik və Cəmil İsmayıllıda Şəhidlər xiyabanında dəfn olundu. Şəhadətindən Sonra Cəmil 4 medal və 1 ordenlə təltif olundu".
Mehriban Sadıqova Cəmil Məmmədli haqqında qısa sənədli film də çəkilməsini həyata keçirib. "Elə bir ömür yaşayacam ki" filmi Bakıda və İsmayıllıda böyük ictimaiyyət qarşısında sərgilənib.
Bundan əlavə Bakının Badamdar qəsəbəsində yerləşən məktəbli küçəsinin adı dəyişdirilərək oğlum Şəhid Cəmil Məmmədlinin adını daşıyır. Həmçinin İsmayıllıda şəhidin ailəsini yaşadığı küçə də Cəmilin adını daşıyır.
Qeyd edək ki, Qarabağın 30-illik işğal dövründə Cəmil Məmmədli təhsil aldığı 163 nömrəli məktəbin yeganə şəhid məzunudur.
Mayıl Soltanov