"Ana, oğul Vətən üçündür, məndən heç vaxt nigaran qalma..."-Şəhid Emin İsmayılov

Bölmə: Sosial › ,
Tarix: 19:44 25.07.2024

"Hər dəfə zəng edib ona özünü qorumasını deyəndə mənə deyərdi ki, "ana, oğul Vətən üçündür. Məndən heç vaxt nigaran qalma" ". -Şəhid Emin İsmayılovun anası Məlahət İsmayılova...

 

Emin Tahir oğlu İsmayılov 21 may 2001-ci ildə Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundandır. Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə təhsil alıb. Emin 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalı altında olan əraziləri azad etməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşdu. Emin İsmayılov 6 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub və II Şəhidlər Xiyabanında dəfn olunub.

 

Anası deyir ki, Emin balacalıqdan qəhrəman olub, o, heç vaxt qoymazdı ki, evdəkilər əziyyət çəksin:

 

"Emin anadan olandan qəhrəman olub. O, 9 ayında həm yeriyib, həm də danışıb. Emin balacalıqdan çox cəsur idi. Hələ balacalıqda evdə nəyəsə ehtiyac olanda hər kəsdən qabaq o gedib həmin ehtiyacı qarşılayardı. Heç vaxt qoymazdı ki, öz bacardığı işdə evdəkilər əziyyət çəksin. Emin 6 yaşı olanda bina blokundakı ehtiyac olmayan dəmirləri yığıb, aparıb-satıb, pulun isə mənə gətirərək deyərdi ki, "ana, sənin evdə nəyin əksikdirsə, bu pulla o ehtiyacı qarşıla". O, ev qayğısına qalmaq, ana əziyyəti çəkməklə yanaşı, həm də çox gözəl oxuyurdu. Emin 11 yaşından dönər bişirilən yerdə paketçi işləyirdi. Ona hər dəfə əməkhaqqı veriləndə sevinə-sevinə alıb, mənə gətirərdi. Bundan əlavə Emin soyuq, şaxtalı günlərdə avtoyumada işləyirdi. Şalvarının balaqları buz bağlayırdı".

 

Məlahət İsmayılovanın sözlərinə görə, Eminin ən böyük arzularından biri də Xocalının, Mübarizin qisasını almaq idi:

 

"Emin çox vətənpərvər biri olub. O, hələ balaca olanda sosial medialarda Azərbaycan bayrağını paylaşaraq bununla qürur duyardı. 

O, 9 nəfərdən çox yaralını xilas edib. Yaralılardan biri də şəhid olanda Emin ağlayaraq öz bayrağını onun üstünə qoyub alnından və ayağından öpərək demişdi ki, "Vətən sağ olsun! Ola bilər, mən də şəhid olaram". Emin ayağından yaralanıb, o yaralı olduğu halda düşmən üzərinə gedəndə döyüş yoldaşları onun ayağının qanamasını və geri çəkilməsini bildirib. Bu zaman Emin torpağı öpərək deyir ki, "ayağımdan tökülən qan kişi qanıdır".

 

Mayıl Soltanov