Qurd xəstəliyinin əlamətləri və qorunma yolları-Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 22:11 26.07.2024
Uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri də qurd xəstəlikləridir. Bu xəstəliklərə daha çox azyaşlılarda rast gəlinir.
Xəstəliyin əlamətləri və müalicə üsulları ilə bağlı pediatr Aytən Ziyadova "informator.az"a açıqlama verib. O bildirib ki, qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir:
"Bu xəstəlik çirkli su və ya qida vasitəsindən istifadə etdikdə, gigiyenik qaydalara riayət etmədikdə, torpaqla və ya çirkli səthlərlə təmasda olduqda,yoluxmuş şəxslə birbaşa təmasda olduqda yarana bilər. Qurd xəstəliyinin müxtəlif əlamətləri ola bilər: qarın ağrısı, iştahsızlıq, kilo itkisi, yorğunluq və zəiflik, dişlərin sürtünməsi (xüsusilə gecələr), anus bölgəsində qaşıntı, bağırsaq pozğunluqları (ishal və ya qəbizlik), ümumi narahatlıq və yuxusuzluq".
Pediatr uşaqlarda qurdların yaranmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etməyin vacib olduğunu qeyd edib:
"Azyaşlıların bu xəstləliklərə yoxulmasının qarşısını almaq üçün ailələrdə bir sıra gigiyenik qaydalara riayət olunmalıdır. Əlləri düzgün və tez-tez yuyulmalı, qidaları yaxşı yuyulub və düzgün bişirilməli, çirkli su istifadə edilməməli, uşaqları torpaq və çirkli səthlərlə təmasdan qorumalı, məktəblərdə və uşaq bağçalarında sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Qurd xəstəliyi asanlıqla yayıldığı üçün, ailənin bütün üzvlərinin eyni anda müalicə olunması tövsiyə edilir. Evin gigiyenasına diqqət yetirilməli və yataq dəstləri, paltarlar və oyuncaqlar yaxşı yuyulmalıdır. Bu məlumatlar uşaqlarda qurd xəstəliyinin vaxtında və düzgün diaqnostikası və müalicəsi üçün vacibdir. Həkimə müraciət etmək və onun təlimatlarına əməl etmək çox önəmlidir".
Zeynəb Mustafazadə