İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilib
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:49 19.05.2015
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.
İnformator İqtisadiyyat və Sənaye nazirliyinə istinadəmn xəbər verir ki, Nazir Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan Azərbaycan-Qazaxıstan əlaqələrinin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğu, hazırda ölkələrimiz arasında əməkdaşlığın inkişafı kursunun dövlət başçıları İlham Əliyev və Nursultan Nazarbayevin siyasi iradəsi sayəsində uğurla davam etdirildiyi vurğulanıb. Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bu sahədə əhəmiyyətli olacaq Qazaxıstanın Aktau şəhərinə tikilən Logistik Mərkəzin 2015-ci ilin sentyabrında fəaliyyətə başlaması nəzərdə tutulur.
Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Qazaxıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən səfir Beybit İsabayev iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və digər birgə tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğunluğu qeyd edilib.