Şəhid atası: "Vətən üçün doğuldu, Vətən üçün də öldü..."

Bölmə: Sosial › ,
Tarix: 21:13 02.08.2024

Həyatda unudulmayan xatirələrin olduğu kimi heç vaxt yaddaşlardan silinməyən şəhidlərimiz də var. Bəli, kimisi onlara igid, kimisi qəhrəman kimi müraciət edir. Amma bu sözlər belə onları təsvir etmək üçün çox azdır. 

 

Azərbaycan şəhidi Azərbaycan xalqının qürur mənbəyidir. Onlardan biri də Şəhid Hüseyn Abdulovdur. 

 

Hüseyn Abdulov 1995-ci il aprelin 10-da Sumqayıt şəhərində anadan olub. 2014-ci ilin yanvarın 25-də hərbi xidmətə yollanıb.

Anası Solmaz Abdulovanın sözlərinə görə, Hüseyn uşaqlıqda çox ağıllı və cəsur oğlan olub. Heç bir zaman ailəsinin başın aşağı edən nalayiq hərəkəti olmayıb. Hər zaman ailəsinə dəstək olub. 

 

Hüseyn Abdulov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Hüseyn Abdulov doğulduğu Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Abdulov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

 

Hüseyn Abdulov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

Şəhidin atası Etibar Abdulov isə deyir ki, “Vətən üçün doğuldu, Vətən üçün də öldü. Allah cəmi şəhidlərə rəhmət eləsin!”.

 

Mayıl Soltanov