126 illik kinolent!

Bölmə: Sosial › ,
Tarix: 22:57 02.08.2024

Bu gün Azərbaycan Kinosu Günüdür. 126 il öncə, 1898-ci il avqustun 2-də-Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirməsilə məhz bu tarix milli kinonun yaranma günü kimi qeyd olunur.

 

Belə bir zamanda neftin sənaye üsulu ilə istehsalına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdır. Belə ki, 1915-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. 1916-cı ildə isə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi və 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Sonralar, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami", "Bəyin Oğurlanması" və başqa bədii filmlərimiz istehsal olundu ki, bunların hər biri bu gün dəfələrlə izlənilməsindən asılı olmayaraq yenə də sevə-sevə baxdığımız filmlər siyahısında yer alır. Bununda başlıca səbəbi, xalqımızın həyatına, çoxəsrlik tariximizə, adət-ənənələr və milli dəyərlərimizə daha dərindən nüfuz etmələrindədir. 

 

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Müxtəlif dövrlərdə çəkilən filmlərin janr fərqliliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Müasir Azərbaycan kinosuna gəlincə isə, onun inkişafında dövlətin böyük rolu var. Müstəqillik əldə etdiyimiz ilk illərdə kino sahəsində də ciddi problemlər yaşanırdı ki, məhz bununla bağlı Ulu öndər Heydər Əliyev 1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya haqqında” Qanun qəbul etdi. Eləcə də 1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı və bununlada filmlərin qorunması təmin edildi. Ardınca isə, dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı, qısametrajlı bədii, sənədli, cizgi filmlərinin çəkilib, Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə həsr olunan bədii və sənədli filmlərin ərsəyə gətirildi ki, bunların hər biri bu sahənin inkişafı ilə bağlı görülən işlərə bariz nümunədir. Lakin bu tip inkişafedici işlərin görülməsinə baxmayaraq, yenə də sahədə müəyyən nöqsanlara rast gəlmək mümkündür.

 

Bəs hazırda ölkəmizdə kino sektoru özünün hansı mərhələsini yaşayır?

 

Bu barədə Kinorejissor Musazadə Kəmalə Mehralı "informator.az"a açıqlamasında qeyd edir ki, Azərbaycan kinosu təəssüf ki, hazırda durğunluq dövrünü yaşamaqdadır:

 

"Böyük kinodan söhbət gedirsə, demək olar neçə ildir ki, kino çəkilmir. Beləki, Sovet zamanı intibah dövrünü yaşamış Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının binası hazırda acınacaqlı günlərini yaşayır. Boş və xarabalığı xatırladan dəhliz, otaqların əsalı təmirə ehtiyacı var. Maddi texniki bazası da elə də ürəkaçan deyil. Sovet dövründə yüzlərlə işçiləri olan kinostudiyada Azərbaycan kinosunun tarixi yaranıb, dünya səviyyəli kinolar çəkilib. İndi isə hər şey tarixə dönüb. Təəssüf ki, bir neçə studiyalar da bağlanıb, fəaliyyət göstərmir. 

2007-ci ildən çalışdığım "Salnamə" Studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsində 115 Milli Qəhrəmanlar haqqında sənədli filmlər çəkmişdik. Sonralar isə bu silsilə dayandırıldı, lakin bu filmlərin hər biri Azərbaycanın hərb tarixi deməkdir. Düşünürəm ki, bu tip filmlərin çəkilişi bərpa olunmalıdır. Eləcə də ölkə başçısının sərəncamıyla yaranmış ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) də fəaliyyətə yeni başlayıb".

 

Burada istedad qədər, təhsilin də vacibliyinə toxunan kinorejissor bildirir ki, ümumiyyətlə, incəsənət aləmində istedadlı olmaq böyük şərtdi və uğurun 90 faizi deməkdir. Təbii ki, istedadla yanaşı da təhsil almaq da çox önəmlidir. Üstəgəl zəhmət çəkmək və əmək sərf etmək isə uğurun qarantıdır.

 

Beləliklə, bu il 126-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin olub,özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

 

Bəli, məşhur filmlərimizdən olan "Bəyin Oğurlanması"ında da söylənildiyi kimi:

 

"Bu Kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib".

 

Aytac Kərimova